PDF Oxu

Siyasət

  • 924

Dəyişən dünyaya real baxış

image

Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibəni izləyərkən onu sadəcə dövlət başçısının çıxışı kimi deyil, həm də dəyişən dünyada ölkəmizin harada dayandığını göstərən aydın mövqe kimi qəbul etdim. Bu müsahibə mənim üçün rəsmi bəyanatlardan daha çox, real çağırışlara verilən açıq və praqmatik cavab təsiri bağışladı.

Müsahibədə ən çox diqqətimi çəkən məqamlardan biri Prezidentin qlobal münasibətlərdə baş verən dəyişikliklərə realist yanaşması oldu. O, dünyada artıq əvvəlki qaydaların işləmədiyini, güc və maraqların daha açıq şəkildə ön plana çıxdığını qeyd edərkən bunu sadəcə tənqid kimi yox, mövcud reallıq kimi təqdim etdi. Mənim gözümlə bu yanaşma səmimi və məsuliyyətlidir. Çünki problemləri olduğu kimi qəbul etmədən doğru qərar vermək mümkün deyil. Bu fikirlər insanı düşünməyə vadar edir. Həm dövlətlər, həm də fərdlər illüziyalara yox, real güc və bacarıqlara arxalanmalıdır.

Cənab Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasət xətti də mənim üçün mühüm mesaj idi. Müsahibədən aydın hiss olunur ki, Azərbaycan öz yolunu başqalarının diktəsi ilə deyil, öz maraqları və imkanları əsasında müəyyən edir. Mənim gözümlə bu, yalnız siyasi mövqe deyil, həm də həyat fəlsəfəsidir. İstər ölkə, istərsə də insan üçün müstəqil qərar vermək, məsuliyyəti öz üzərinə götürmək ən çətin, amma ən doğru yoldur.

Regional sülh və sabitliklə bağlı səsləndirilən fikirlər müsahibəyə daha dərin məna qatırdı. Prezidentin Cənubi Qafqazda sülhün alternativsiz olduğunu vurğulaması mənə göstərdi ki, müharibədən sonrakı dövr yalnız siyasi sənədlərlə deyil, düşüncə tərzi ilə də ölçülür. Mənim baxışıma görə, bu mesaj gələcəyə hesablanmış çağırışdır: qarşıdurma yox, əməkdaşlıq; qisas yox, inkişaf. Bu yanaşma xüsusilə gənc nəsil üçün sağlam gələcəyin əsasını təşkil edir.

Enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədə oynadığı rol barədə deyilənlər də müsahibənin güclü tərəflərindən idi. Ölkə Başçısının həm ənənəvi enerji resursları, həm də yaşıl enerji istiqamətində ölkənin imkanlarını vurğulaması mənə Azərbaycanın yalnız bugünü deyil, sabahı da düşündüyünü göstərdi. Mənim gözümlə bu, strateji düşüncənin bariz nümunəsidir: qlobal proseslərə uyğunlaşmaq, amma eyni zamanda öz maraqlarını qorumaq.

Müsahibənin ümumi ruhunda hiss etdiyim əsas məqam məsuliyyət idi. Güclü dövlət olmaq üçün emosiyalara yox, hesablanmış addımlara, populizmə yox, nəticəyə fokuslanmaq lazımdır. Ölkə Bşçısının çıxışı mənə göstərdi ki, Azərbaycanın mövqeyi özünə inam üzərində qurulub və bu inam təsadüfi deyil, illərin təcrübəsi və əldə olunmuş nəticələrə əsaslanır.

Ümumilikdə, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə mənim gözümlə sadəcə beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesaj deyil. Bu, həm də Azərbaycan cəmiyyətinə, xüsusilə düşünən və gələcəyə baxan insanlara ünvanlanan bir çağırışdır: reallığı düzgün dəyərləndirmək, milli maraqları qorumaq və dəyişən dünyada öz mövqeyini itirməmək. Bu müsahibə məndə bir daha belə bir fikir formalaşdırdı ki, güclü mövqe ilk növbədə aydın düşüncədən və prinsipial yanaşmadan başlayır.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər