Yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın müasir dövrdə apardığı siyasətin mahiyyətini və prioritetlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə mövcud reallıqları deyil, eyni zamanda Azərbaycanın gələcək strateji hədəflərini də əks etdirdi.
Prezident İlham Əliyev müsahibədə qlobal qeyri-sabitlik fonunda Azərbaycanın daxili sabitliyini və dayanıqlı inkişaf modelini ön plana çəkdi. Dövlət Başçısı bildirdi ki, düzgün balanslaşdırılmış xarici siyasət və güclü iqtisadi baza ölkəni beynəlxalq risklərdən qoruyan əsas amillərdir. Prezident İlham Əliyevin fikrincə, milli maraqlara əsaslanan müstəqil siyasət Azərbaycanın əsas üstünlüyüdür.
Dövlət başçısı iqtisadi inkişaf məsələlərinə toxunaraq qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi artıq real nəticələr verir. Qeyri-neft sektorunun inkişafı, sənaye zonalarının yaradılması, logistika və nəqliyyat imkanlarının genişləndirilməsi ölkənin regional iqtisadi mərkəzə çevrilməsinə şərait yaradır. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinə toxunan Prezident, Azərbaycanın Asiya ilə Avropa arasında etibarlı tranzit ölkə olduğunu vurğuladı.
Müsahibədə diqqət çəkən məqamlardan biri də COP29-la bağlı verilən mesajlar oldu. Prezident İlham Əliyev Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsini ölkəyə göstərilən etimadın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, iqlim dəyişiklikləri ilə mübarizə yalnız inkişaf etmiş ölkələrin deyil, bütün dünyanın ortaq məsuliyyətidir və Azərbaycan bu prosesdə fəal mövqe tutur.
Prezident İlham Əliyev həmçinin beynəlxalq münasibətlər sistemində ikili standartlar məsələsinə də toxundu. Dövlət başçısı açıq şəkildə bildirdi ki, beynəlxalq hüququn selektiv tətbiqi bir çox münaqişələrin əsas səbəblərindən biridir. Azərbaycan isə öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində təmin edərək yeni reallıqlar yaradıb və bu reallıqların qəbul edilməsinin vacibliyini vurğulayıb.
Humanitar məsələlər və sosial rifah da müsahibədə yer aldı. Prezident İlham Əliyev sosial siyasətin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirərək, əhalinin rifahının yüksəldilməsi üçün ardıcıl addımlar atıldığını qeyd etdi. Təhsil, səhiyyə və insan kapitalına yatırımların uzunmüddətli inkişaf üçün həlledici rol oynadığını vurğuladı.
Ümumilikdə, Prezident İlham Əliyevin Davosdan verdiyi müsahibə Azərbaycanın özünə güvənən, müstəqil və gələcəyə yönəlmiş dövlət kimi çıxış etdiyini bir daha nümayiş etdirdi. Bu müsahibə beynəlxalq auditoriyaya ünvanlanan aydın mesaj idi: Azərbaycan dəyişən dünyada öz yolunu müəyyənləşdirib və bu yolu qətiyyətlə davam etdirir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı