"Prezident İlham Əliyevin Davosda Çex Respublikasının Baş naziri ilə keçirdiyi görüş Azərbaycan–Çexiya münasibətlərində klassik diplomatik dialoqdan strateji tərəfdaşlığa keçidin ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Bu görüş, ilk növbədə, iki ölkə arasında əməkdaşlığın yalnız ikitərəfli formatla məhdudlaşmadığını, eyni zamanda daha geniş Avropa siyasi və iqtisadi kontekstində dəyərləndirildiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, Çexiya Azərbaycan üçün Avropa İttifaqı daxilində mühüm aktorlardan biridir: "Bu ölkə həm enerji təhlükəsizliyi, həm də sənaye və maşınqayırma sahəsində inkişaf etmiş texnoloji potensiala malikdir. Görüş zamanı enerji, nəqliyyat və istehsal sahələrinin xüsusi vurğulanması onu deməyə əsas verir ki, tərəflər münasibətləri konkret iqtisadi layihələr üzərindən dərinləşdirməyi planlaşdırırlar. Bu isə əlaqələrin daha institusional və uzunmüddətli xarakter almasına zəmin yaradır. Eyni zamanda, qarşılıqlı rəsmi səfərlərlə bağlı dəvətlərin qəbul edilməsi diplomatik münasibətlərdə yeni intensivlik mərhələsinin başlandığını göstərir. Bu cür səfərlər adətən əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, yeni sazişlərin imzalanması və biznes dairələrinin daha fəal cəlb olunması ilə müşayiət olunur. Bu kontekstdə Davosda keçirilən görüşü gələcəkdə daha konkret və praktiki nəticələr verəcək prosesin başlanğıcı kimi qiymətləndirmək olar. Azərbaycan–Çexiya əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrə təsirinə gəldikdə isə, burada əsas məqam Azərbaycanın Avropa ilə ikitərəfli və praqmatik münasibətlər modelini davam etdirməsidir. Rəsmi Bakı son illər Avropa İttifaqı ilə münasibətlərdə daha çox konkret sahələr üzrə əməkdaşlığa üstünlük verir və Çexiya kimi ölkələrlə əlaqələrin gücləndirilməsi bu strategiyanın tərkib hissəsidir. Bu yanaşma Azərbaycana Aİ daxilində daha balanslı və çoxşaxəli əlaqələr qurmaq imkanı yaradır.Bundan əlavə, enerji təhlükəsizliyi fonunda Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi çıxış edir. Çexiya ilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi Azərbaycanın Avropa enerji xəritəsində mövqeyini möhkəmləndirir və onu yalnız xammal tədarükçüsü deyil, eyni zamanda regional nəqliyyat və logistika mərkəzi kimi təqdim edir. Prezident İlham Əliyevin Davosda Çexiyanın Baş naziri ilə görüşü Azərbaycan–Çexiya münasibətlərində strateji dərinləşmə mərhələsinin başlanğıcını göstərir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha çevik, praqmatik və qarşılıqlı maraqlara əsaslanan istiqamətdə formalaşmasına mühüm töhfə verə bilər".
Müəllif: Ziya Hikmətoğlu