PDF Oxu

Siyasət

  • 542

Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur ŞƏRH

image

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur: “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Prezident İlham Əliyev müsahibə zamanı qlobal siyasi və iqtisadi proseslərin hazırkı mərhələdə ciddi dəyişikliklərə məruz qaldığını vurğulayaraq bildirmişdir ki, beynəlxalq münasibətlər yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələdə əvvəlki dövrlərdə əsas götürülən qaydalar və beynəlxalq hüquq mexanizmləri bir çox hallarda effektivliyini itirir, güc faktoru və milli maraqlar daha ön plana çıxır. Dövlət başçımiz qeyd etmişdir ki, belə bir şəraitdə hər bir ölkə öz daxili potensialına, iqtisadi imkanlarına və milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməlidir. Azərbaycan da məhz bu prinsip əsasında fəaliyyət göstərir və heç bir güc mərkəzindən asılı olmayan siyasət aparır.

Möhtərəm Prezidentimiz müsahibə zamanı sülh və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirmişdir. O bildirmişdir ki, Azərbaycan uzun illər münaqişə və işğal şəraitində yaşamış, bunun ağır sosial və humanitar nəticələrini görmüş bir ölkədir. Məhz buna görə də, bu gün Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Dövlət başçısı vurğulamışdır ki, sülh yalnız siyasi bəyanatlarla deyil, real addımlar, qarşılıqlı etimad və beynəlxalq hüququn əsas prinsiplərinə hörmət əsasında mümkündür. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarını 44 gündə işğaldan azad, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsi malik olduğu imkanların, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Azərbaycan hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib və bunu sözdə deyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları bir araya gətirən, onların birləşduirən körpü rolunu oynayan Azərbaycan, eyni zamanda, qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır.

Tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Lakin Ermənistan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayındı, prosesin uzanması üçün cəhdlər göstərdi. Məlumdur ki, 2023-cü il sentyabrın 19-da ölkəmiz 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəldərək bildirdi ki, əməliyyatdan bir qədər sonra vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başladı və Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşların verdiyi məlumat bu oldu ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Azərbaycan tərəfinin şərtləri bundan ibarət idi ki, Ermənistan ordusunun ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyimizi bəyan etdik. Şərtlərimiz qəbul edildi. Hətta bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirdilər və bu görüş baş tutdu. Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiq olduğunu lokal antiterror tədbirlərini dayandırmaqla bir daha təsdiqlədi. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı, məscidlərimizdə donuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir.

Ölkə başçımızın Davosda “Euronews”a verdiyi müsahibə həm məzmun, həm də siyasi mesajlar baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan qlobal auditoriyaya bir daha nümayiş etdirmişdir ki, ölkə müasir çağırışlara hazırdır, öz milli maraqlarını qətiyyətlə qoruyur və beynəlxalq əməkdaşlığa açıqdır. Dövlət başçısının mesajları Azərbaycanın müstəqil siyasətinin, güclü dövlət modelinin və regional sabitliyə verdiyi töhfənin bariz ifadəsi kimi tarixə düşdü.

Arif Qasımov

YAP Sədərək rayon təşkilatının sədri

Digər xəbərlər