PDF Oxu

Siyasət

  • 616

Azərbaycanın yeni dünya nizamında Qlobal Strategiyası və Sülh Manifesti ŞƏRH

image

Yanvarın 19-dan başlayan 56-cı Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanın həm regional, həm də qlobal miqyasda artan çəkisini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin forum çərçivəsində, xüsusilə “Euronews” televiziyasına verdiyi müsahibə və keçirdiyi görüşlər ölkəmizin yeni dünya nizamındakı strateji baxışını əks etdirən bir manifest kimi xarakterizə olunur.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın tam müstəqil xarici siyasət yürütdüyünü və heç bir siyasi-hərbi blokun təsiri altında olmadığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanın qərarları yalnız milli maraqlara və beynəlxalq hüquqa söykənir. Xüsusilə, beynəlxalq münasibətlərdə "güc amili"nin ön plana çıxdığı bir dövrdə Azərbaycanın balanslı və praqmatik diplomatiyası sabitlik nümunəsi kimi göstərilib.

Prezident cənab İlham Əliyev mesajlarında ən mühüm məqamlardan biri Ermənistanla münasibətlər və sülh prosesi olub. Dövlət başçısı qeyd edib ki: Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.

Davosda keçirilən ikitərəfli görüşlər eyni zamanda, Azərbaycanın "yaşıl keçid" strategiyasına sadiqliyini göstərir. Ölkəmiz artıq klassik neft-qaz ixracatçısı obrazından çıxaraq, bərpaolunan enerji mənbələri və innovativ sənaye sahələri üçün cəlbedici məkana çevrilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Ümumdünya İqtisadi Forum çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında Azərbaycanın Şərqlə Qərb arasında əsas tranzit mərkəzi olduğu bildirilib: "Nə qədər çox marşrut olsa, istehlakçılar, tədarükçülər və tranzit ölkələr üçün bir o qədər yaxşıdır." Azərbaycan artıq öz nəqliyyat infrastrukturunu tam hazır vəziyyətə gətirib və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir.

Ölkəmizin Prezidenti cənab İlham Əliyevin Davosda, Ümumdünya İqtisadi Forumunda iştirakı Azərbaycanın yalnız öz ərazi bütövlüyünü bərpa edən qalib dövlət deyil, həm də qlobal problemlərin həllində fəal rol alan, sülh və iqtisadi rifahın təşəbbüskarı olan bir aktor olduğunu təsdiqlədi.

Orxan Əhmədov,

YAP Gəncə şəhər təşkilatının sədr müavini

Digər xəbərlər