Bu gün təsdiq olunan fakt ondan ibarətdir ki, Azərbaycan beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə, tərəfdaşa çevrilib. 44 günlük Vətən Müharibəsində qazanılan hərbi, siyasi, diplomatik qələbə Azərbaycanın gücünə yeni güc qatdı. Ölkəmizin hər bir xarici ölkə, beynəlxalq təşkilatlarla münasibətləri qarşılıqlı maraqlar, prinsipləri əsasında inkişaf edir. Təbii ki, uğurların, qələbələrin təməlində Prezident İlham Əliyevin zəngin təcrübəyə, uzaqgörən müdrik siyasətə, mükəmməl diplomatik biliyə və idarəetmə bacarığına malik olması dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda "Euronews” televiziyasına verdiyi müsahibə, keçirdiyi çoxsaylı görüşlər və verdiyi mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən əsas ölkələrdəndir. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev nüfuzlu beynəlxalq təşkilat olan Davos Forumunda artıq 12-ci dəfədir ki, iştirak edir. Prezident İlham Əliyev Davos Forumlarında 183 görüş keçirib ki, bunlardan 33-ü bilavasitə dövlət başçıları ilə keçirilən görüşlərdir. Prezident İlham Əliyev 19 hökumət başçısı, 23 baş nazir, nazir və digər hökumət rəsmiləri, 90-dan artıq şirkət rəhbəri, 18 beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirib. Dövlətimizin başçısı 27 dəfə Forumun sessiyalarında iştirak edib, 7 dəfə kütləvi informasiya vasitələrinə müsahibə verib. Bu dəfəki Forumda diqqətlər yenə də Prezident İlham Əliyevə dikilmişdir. Hökumət və dövlət başçıları, şirkət rəhbərləri, KİV təmsilçiləri Prezident İlham Əliyevlə görüşməyə, müzakirələr aparmağa, müsahibələr almağa can atırdılar. Sadəcə vaxt azlığından hər kəs üçün belə görüşləri reallaşdırmaq mümkün olmamışdır.
Davos İqtisadi Forumunda Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə sülh və sabitlik ideyasına xüsusi önəm verməsi Azərbaycanın siyasi düşüncəsini və strateji prioritetlərini açıq şəkildə ortaya qoyur. Müsahibədə Prezident İlham Əliyevin diqqətçəkən və böyük maraq doğuran fikri beynəlxalq hüququn faktiki olaraq selektiv alətə çevrilməsi ilə bağlı idi. Prezident bildirdi ki, artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.
Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra regionda yaranan yeni reallıqları açıq şəkildə təqdim edərək, Cənubi Qafqazda sülhün alternativsiz olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir: “Azərbaycana gəldikdə, ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”.
Prezident İlham Əliyev müsahibədə qlobal iqtisadi qeyri-sabitlik fonunda Azərbaycanın seçdiyi inkişaf modelinin üstünlüklərini vurğuladı: “Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”.
Prezident İlham Əliyevin Davosdan verdiyi mesajlarda Azərbaycanın enerji siyasəti xüsusi yer tutur. Bildirir ki, Azərbaycanın Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir: “Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”.
Göründüyü kimi müsahibə Azərbaycanın reallıqlarını əks etdirir və düzgün, əsaslı siyasətin aparılmasına söykənir. Bu siyasətin aparıcı qüvvəsi olan Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq mükafat olan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də təsadüfi deyil. Regionda sülhə və sabitliyə nail olunması bilavasitə Prezident İlham Əliyevin sülhpərvər siyasətinin göstəricisidir. Qısaca desək, regionda sülh gündəliyinin də müəllifi Prezident İlham Əliyevdir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam bildirib ki, bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib: “Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.
Dövlət başçısı Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” - belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır: “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir: “Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.
Müsahibədə Prezident İlham Əliyev ölkəmizə qarşı bəzi beynəlxalq təşkilatların, xüsusilə də Avropa Parlamentinin qərəzli münasibəti ilə bağlı fikirlərini qeyd edərkən bildirmişdir ki, Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir: “Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Formunda verdiyi mesajlar, görüşlərdə açıqladığı fikirlər bir daha sübut etdi ki, həyata keçirilən siyasət düzgündür və tam şəkildə milli maraqlara söykənir.
Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor