“Hazırkı mərhələdə Azərbaycan–NATO münasibətləri tərəfdaşlıq və praqmatik əməkdaşlıq çərçivəsində davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, Azərbaycan alyansın üzvü olmağı hədəfləməsə də, “Sülh Naminə Tərəfdaşlıq” proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və siyasi dialoq mexanizmləri vasitəsilə NATO ilə institusional əlaqələrini qoruyur:”Bu əməkdaşlıq daha çox müdafiə islahatları, hərbi təlimlərin uyğunlaşdırılması, sülhməramlı fəaliyyət, kadr hazırlığı və təhlükəsizlik sektorunda təcrübə mübadiləsinə yönəlib. Xüsusilə Əfqanıstan missiyasında uzunmüddətli iştirak Azərbaycanın NATO qarşısında etibarlı tərəfdaş imicini formalaşdırıb.Eyni zamanda, Azərbaycan–NATO əlaqələri balanslı xarici siyasət konsepsiyasına uyğun şəkildə məhdud və seçici xarakter daşıyır. Rəsmi Bakı regional geosiyasi həssaslıqları, qonşu dövlətlərlə münasibətləri və strateji muxtariyyətini nəzərə alaraq bu əməkdaşlığı alyans üzvlüyü müstəvisinə daşımır. Mövcud mərhələdə münasibətlərin səviyyəsi siyasi məsləhətləşmələr, təhlükəsizlik dialoqu və praktiki hərbi-texniki əməkdaşlıqla xarakterizə olunur. Bu çərçivə Azərbaycana həm Qərb təhlükəsizlik strukturları ilə əlaqəni saxlamağa, həm də öz müstəqil qərarvermə xəttini qorumağa imkan verir”.
Müəllif: Arzu Qurbanlı