PDF Oxu

Siyasət

  • 486

Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur - ŞƏRH

image

“Azərbaycan bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, dünya miqyasında cərəyan edən siyasi, sosial-iqtisadi proseslərdə də fəal mövqe nümayiş etdirir. Bu baxımdan ölkəmizin iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos Ümumdünya İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi olaraq hər il təşkil olunan və cari ildə 56-cı toplantısını keçirən Forum çərçivəsində qlobal gündəliyin aktual məsələləri üzrə geniş müzakirələr aparılıb, müxtəlif mövzular ətrafında panel sessiyaları keçirilib və beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ünvanlanıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 56-cı Ümumdünya İqtisadi Forumu “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünmə şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi altında dünya liderlərini, dünyanın aparıcı iş adamlarını bir araya gətirib. Forumda 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edib. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. Bu geniş təmsilçilik Forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu bir daha təsdiqləyir.

Budəfəki Forumda da Azərbaycana marağın yüksək olduğunu deməyə ciddi əsaslar var. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb. Azərbaycanın Vətən müharibəsində Qələbəsindən, eləcə də suverenliyini tam bərpa etdikdən sonra bölgədə geniş əməkdaşlıq imkanları formalaşıb. Ona görə də, bu dəfə də beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük oldu. Prezident İlham Əliyev Forum çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşməklə yanaşı, dünyada tanınmış nüfuzlu şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib, əməkdaşlığa dair müzakirələr aparılıb. Belə ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Davos Forumu beynəlxalq məsələlərin müzakirəsi və vacib qərarların qəbulunda əlverişli mühit deməkdir.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional layihələrin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə də həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və s. məsələlərdə Azərbaycanın mühüm rolu da diqqət mərkəzindədir. Bu baxımdan, dövlətimizin başçısının Davosda nüfuzlu “Euronews” televiziyasına müsahibəsi xüsusi vurğulanmalıdır. Cənab Prezident müsahibədə bildirib ki, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Dövlət başçısı vurğulayıb: “Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Dövlət başçısının dediyi kimi, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. “Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”-deyə cənab Prezident vurğulayıb.

Müsahibədə ölkəmizin enerji siyasətinə də xüsusi yer verildiyini deyən Pərvin Kərimzadə söyləyib ki, Azərbaycanın enerji siyasəti yeni dünya nizamında böyük önəm kəsb edir. Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirib. Bu siyasət təkcə iqtisadi deyil, eyni zamanda siyasi sabitliyə xidmət edən amildir. Azərbaycan enerji resurslarını qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlıq modeli təqdim edir. Bu gün Azərbaycanın qaz ixrac etdiyi ölkələrin coğrafiyası genişlənir və bu sırada Yaxın Şərq ölkələri, o cümlədən Suriya da yer alır. Cənab Prezidentin dediyi kimi, biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycan qlobal sülhün və beynəlxalq təhlükəsizliyin ardıcıl tərəfdarlarından biri kimi çıxış edir. Dövlətimiz bölgədə davamlı sülhün təmin olunması üçün real təşəbbüslərlə çıxış edir və konstruktiv mövqe nümayiş etdirir. Sülh təşəbbüsləri ilə yanaşı Ermənistana yüklərin öz ərazisindən daşınmasına icazə verməsi, neft məhsullarının ixracı kimi addımlar konkret nümunələrdir. Bu siyasət düşmənçilik ritorikasını deyil, qarşılıqlı etimadın formalaşdırılmasını hədəfləyir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz Azərbaycanın və onun liderinin sülhpərvər fəaliyyətinə beynəlxalq səviyyədə verilən yüksək dəyərin ifadəsidir. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, belə nüfuzlu mükafatı almaq böyük şərəfdir: “Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”.

Lakin bəzi beynəlxalq təşkilatlar var ki, Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Bunların sırasında xüsusilə, Avropa Parlamenti və AŞPA-nın adını şəkmək olar. Bu təşkilatlar daim Azərbaycanın haqlı mövqeyinə qarşı qərəz nümayiş etdirirlər. Hətta Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasını yüksək qiymətləndirdiyi bir şəraitdə bu qurumların ədalətsiz mövqe tutması qəbulolunmazdır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət dövlətimizin müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Ona görə də, həmin təşkilatlarla əməkdaşlıq etmirik.

“Bütövlükdə, cənab Prezident müsahibədə verilən sualları aydın, dəqiq və yüksək peşəkarlıqla cavablandırıb. Bu müsahibə Davos Forumunda ölkəmizin müxtəlif proseslərlə bağlı mövqeyinin ifadəsi baxımından mühüm tribuna oldu. Bir sözlə, Azərbaycan beynəlxalq əməkdaşlıq və inkişafa öz töhfəsini verməklə, həm də qlobal mühitdə mövqeyi möhkəmləndirir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər