“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olanlara 10 milyon dollar məbləğində maliyyə yardımı ayırmaq barədə fərman imzalamasına dair əsassız iddialar yayılıb. Türkiyə-Azərbaycan qardaşlığı poladdan toxunub. Kənardan başqalarının nə söyləməsindən asılı olmayaraq, onlar bu münasibətlərə zərər vermək gücündə deyillər”.Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç deyib.O bildirib ki, belə əsassız iddialar Azərbaycan–Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi daşıyır.“Türkiyə–Azərbaycan arasındakı qardaşlıq dünyanın heç bir digər ölkələri arasında yoxdur. Bu, bir nümunədir. Ona görə də bəzi dairələr tərəfindən bu cür yalan məlumatların ortaya atılması anlaşılandır. Qardaşlığımızı qısqanırlar. Qısqanclıq xəstəlikdir, görünür, bu cür insanlar bu xəstəlikdən sağalmayacaqlar”, – sabiq səfir deyib.Hulusi Kılıç daha sonra əlavə edib ki, Türkiyə və Azərbaycan bir-biri ilə koordinasiyalı şəkildə, məsləhətləşərək hərəkət edirlər: “Türkiyə Azərbaycanın istəmədiyi heç bir addımı atmayacaq. Azərbaycan da eyni şəkildə davranır. Bu cür xəbərlərə etibar edilməməli, yalnız rəsmi mənbələrə əsaslanan məlumatlara inanılmalıdır. Can Azərbaycan xalqı bizim xalqımızdır, biz bir millət, iki dövlətik”.Qeyd edək ki, bəzi media orqanlarında və sosial media platformalarında bu barədə dezinformasiyalar yer almışdı. Lakin Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi rəsmi açıqlama yayaraq bu iddiaları təkzib edib. Vurğulanıb ki, bu iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Mərkəz ictimaiyyəti Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan bu cür saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların yaydığı açıqlamalara etibar etməyə çağırıb.
Müəllif: Günel Fərzəliyeva