Çinin xarici işlər naziri Van İ Pekində rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, nazir Ceyhun Bayramovun səfəri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının güclü dinamikasını, eləcə də siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə dair ortaq iradəni əks etdirir.
Azərbaycan və Çin XİN rəhbərləri iki ölkə arasında genişmiqyaslı strateji tərəfdaşlığın cari vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçiriblər. Görüşdə yüksək səviyyəli siyasi dialoq və Xarici İşlər Nazirlikləri arasında müntəzəm əlaqələrin əhəmiyyəti vurğulanıb.
Müzakirələr çərçivəsində iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, nəqliyyat və əlaqələndirmə koridorları, enerji sahəsində əməkdaşlıq, eləcə də innovasiya və rəqəmsal inkişaf sahələrində birgə fəaliyyət məsələləri müzakirə olunub.
Tərəflər regional və beynəlxalq proseslər barədə də fikir mübadiləsi aparıblar və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini qeyd ediblər.
Tərəflər bu səfərin ikitərəfli münasibətlərin möhkəmlənməsinə və müxtəlif sahələrdə praktik əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyini bildiriblər.
İlham