"Azərbaycan–Çin münasibətlərinin 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi təkcə ikitərəfli əməkdaşlıq baxımından deyil, eyni zamanda Azərbaycanın regional və qlobal geosiyasi mövqeyinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Orta Dəhliz və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kontekstində bu tərəfdaşlıq Azərbaycanın Avrasiya məkanında əsas logistika və tranzit mərkəzlərindən birinə çevrilməsini sürətləndirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Onun sözlərinə görə, mövcud geosiyasi reallıqlar fonunda Çin üçün Avropa bazarlarına çıxış yollarının şaxələndirilməsi strateji prioritetə çevrilib: "Bu baxımdan Orta Dəhliz Çin–Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa xətti üzrə ən təhlükəsiz və dayanıqlı marşrutlardan biri kimi önə çıxır. Azərbaycanın bu dəhlizin mərkəzi həlqəsi olması ölkəmizin nəqliyyat, logistika və enerji təhlükəsizliyi sahəsində əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Azərbaycanın regional geosiyasi çəkisini artırmaqla yanaşı, ona beynəlxalq aktorlar arasında etibarlı tərəfdaş imici qazandırır. Çin kimi qlobal güclə strateji tərəfdaşlıq statusu Azərbaycanın yalnız regional oyunçu deyil, həm də qlobal proseslərdə nəzərə alınan aktor kimi mövqeyini möhkəmləndirir. Bu isə ölkənin siyasi-diplomatik manevr imkanlarını genişləndirən əsas amillərdən biridir.Qərb–Şərq balansı kontekstində Azərbaycan üçün bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çinlə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və çoxtərəfli yanaşmanın davamı kimi çıxış edir. Eyni zamanda, bu proses Qərb ölkələri ilə əməkdaşlığa alternativ deyil, əksinə, Azərbaycanın tranzit imkanlarının genişlənməsi fonunda Avropa üçün də strateji əhəmiyyətinin artmasına xidmət edir. Azərbaycan bu əməkdaşlıq vasitəsilə həm iqtisadi, həm də geosiyasi baxımdan “körpü dövlət” rolunu daha da möhkəmləndirir. Nəticə etibarilə, Azərbaycan–Çin strateji tərəfdaşlığı Orta Dəhlizin institusional və iqtisadi cəhətdən güclənməsinə təkan verir, ölkəmizin regional təsir imkanlarını artırır və Qərb–Şərq geosiyasi balansında daha çevik və müstəqil mövqe tutmasına real zəmin yaradır".
Müəllif: Ziya Hikmətoğlu