"Azərbaycanın ədalətə əsaslanan mövqeyi, güclü siyasi iradəsi və bölgədə davamlı sülhün təmin olunmasına yönəlmiş qətiyyətli siyasəti dünyanın sülhpərvər ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu prinsipial və məsuliyyətli mövqeyinə görə Azərbaycan beynəlxalq arenada, o cümlədən dünyanın aparıcı və nüfuzlu dövlətləri tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Azərbaycan bu gün təkcə regional deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, vətəndaşların rifahı, təhlükəsizliyi və ölkənin gələcək inkişafı dayanır:"Bu siyasət uzunmüddətli strateji düşüncəyə, milli maraqlara və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Azərbaycan 30 il davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, bununla da tarixi ədaləti təmin etdi və yeni bir mərhələnin əsasını qoydu. Bu gün Azərbaycan sülh quruculuğu prosesini yaşayır. Müharibədən sonrakı dövrdə ölkəmiz bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün ardıcıl və konstruktiv təşəbbüslərlə çıxış edir. Lakin qarşı tərəfin ziddiyyətli və qeyri-konstruktiv mövqeyi bu prosesi çətinləşdirir. Buna baxmayaraq, Azərbaycan sülh danışıqlarına sadiq qalaraq, qarşılıqlı etimada və beynəlxalq hüquqa əsaslanan təkliflər irəli sürmüş, lakin bu təkliflər indiyədək cavabsız qalmışdır.Bütün bunlara baxmayaraq, Azərbaycanın sülhə yönəlik təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. ABŞ kimi böyük və təsirli bir dövlətin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş təşəbbüsləri və tutduğu mövqe Azərbaycanın artan beynəlxalq nüfuzundan xəbər verir. Xüsusilə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının rəsmi X sosial media hesabında Azərbaycanı təsisçi üzv kimi salamlaması ölkəmizin qlobal sülh proseslərində mühüm yer tutduğunu göstərir.ABŞ-ın, eləcə də siyasi və strateji baxımdan önəmli olan bir çox ölkənin Azərbaycana qarşı nümayiş etdirdiyi müsbət münasibət bir daha sübut edir ki, Azərbaycan seçdiyi yolda haqlıdır. Ədalətə, beynəlxalq hüquqa və sülhə əsaslanan bu yol ölkəmizin gələcək inkişafını, bölgədə davamlı sabitliyi və xalqlar arasında etimadın möhkəmlənməsini təmin edəcək".
Müəllif: Arzu Qurbanlı