PDF Oxu

Siyasət

  • 1 509

"Davos Azərbaycanın xarici siyasətinin güclü təzahürüdür" - ŞƏRH

image

"Davos platformasında iştirak və orada təmsil olunmaq, şübhəsiz ki, beynəlxalq miqyasda nüfuzlu bir platformada iştirak kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.Onun sözlərinə görə, bu, istənilən halda həmin platformada təmsil olunan bütün dövlətlərin həm xarici siyasəti, həm də qlobal miqyasda mövqelərinin nümayişi baxımından əlamətdar hesab edilə bilər: "Baxmayaraq ki, son dövrlərdə beynəlxalq hüququn və beynəlxalq sistemin zəiflədiyi müşahidə olunur, böyük dövlətlər daha çox öz maraqlarını ön plana çəkərək beynəlxalq hüquqa və qaydalara əsaslanan dünya nizamına qarşı çıxırlar. Buna baxmayaraq, belə beynəlxalq tədbirlər tamamilə nizamsız və xaotik bir dünya düzəninin formalaşmasının qarşısını müəyyən mənada almaqdadır.Bu baxımdan, mövcud beynəlxalq sistemin bir parçası olmaq, ümumdünya qaydalarını, insan haqlarını və dövlətlərarası münasibətləri tənzimləyən ümumi dəyərləri qorumaq, həmçinin bu prinsiplərə sadiq qalan tərəflərdən biri kimi beynəlxalq siyasətdə təmsil olunmaq Azərbaycanın xarici siyasətinin ölkəmizə qazandırdığı əsas nüfuz və dividendlərdən biri kimi qəbul edilməlidir. Çünki Azərbaycan bu kimi platformalar vasitəsilə dünyaya hələ də beynəlxalq hüquqa sadiq olduğunu, qaydalara əsaslanan, haqqa, ədalətə və hüquqa söykənən xarici siyasət xətti yürütdüyünü nümayiş etdirir.
Bu gün dünyada beynəlxalq hüquqa və ümumi qaydalara riayət edən dövlətlərin sayının getdikcə azalması, sülh və inkişafı prioritet kimi qəbul edən ölkələrin isə barmaqla sayılacaq qədər az olması fonunda Azərbaycanın bu ali prinsiplərə sadiq qalması, şübhəsiz ki, ölkəmizə beynəlxalq aləmdə xüsusi hörmət və etimad qazandırır.Eyni zamanda, Azərbaycan məruz qaldığı haqsızlıqları və ona qarşı həyata keçirilən anti-Azərbaycan siyasətlərini məhz bu cür beynəlxalq platformalarda dilə gətirmək imkanı əldə edir. Bununla yanaşı, Davos kimi platformalar Azərbaycanın xarici tərəfdaşlarının sayını artırmasına, yeni və sağlam münasibətlər qurmasına şərait yaradır. Müasir dünyada tərəfdaşlıq əlaqələrinin, iqtisadi və siyasi əməkdaşlıqların artan əhəmiyyətini nəzərə alsaq, belə platformalarda təmsil olunmaq yeni tərəfdaşlar qazanmaqla yanaşı, mövcud əməkdaşlıqların da genişləndirilməsi deməkdir. Bütün bu məqamlar bir daha göstərir ki, Davos platformasında iştirak Azərbaycanın xarici siyasəti və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər