30 yanvar 2026-cı il tarixdə YAP Şərur rayon təşkilatında 2 Fevral Gənclər Gününə həsr edilən tədbir keçirilib. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev çıxış edərək bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də ilk dəfə dövlətin gənclər forumu keçirildi və həmin gün Azərbaycan tarixinə Gənclər Günü kimi yazıldı. Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapıb. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Vətəninə, adət-ənənələrinə, öz kökünə sadiq və dövlətinə xidmət edən, müqəddəs bayrağımızı ən uca zirvələrdə, Şuşada, Xankəndidə dalğalandıran Azərbaycan gəncləri bu siyasətdən həmişə bəhrələnib. Yaşasın Azərbaycan gəncliyi!
Çıxış edən gənc partiya üzvləri Leyla Seyidova və Xaliq Cabbarov bildirdilər ki, Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, Onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi-iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Daha sonra çıxış edən partiya fəalı Mətləb Bayramov gənclərin ölkə Prezidentin davamlı diqqət və qayğısını daim hiss etdiklərini, ölkəmizin bütün sahələrində gənclərin irəli çəkilərək onlara yüksək etimad göstərilməsinə minnətdarlığı bildirdi və tədbir iştirakçılarını gənclər günü münasibətilə təbrik etdi.
Sonda bir neçə fəal gəncə fəxri fərman və qiymətli hədiyyələt təqdim edildi.