2 Fevral Azərbaycan gəncliyinin öz gücünü, iradəsini və gələcəyə olan inamını ifadə edən əlamətdar bir gündür. Bu tarix illərdir ki, ölkənin ictimai-siyasi, elmi, mədəni və sosial həyatında fəal mövqe tutan gənclərin bayramı kimi qeyd olunur. Gənclər Günü təkcə təqvimdə bir tarix deyil, həm də Azərbaycan dövlətinin gələcəyə baxışının, inkişaf strategiyasının və milli ruhunun simvoludur.
Azərbaycan gəncliyi tarix boyu cəmiyyətin aparıcı qüvvəsi olmuş, ölkənin taleyüklü anlarında məsuliyyət üzərinə götürməkdən çəkinməmişdir. Müstəqil dövlət quruculuğu mərhələsində gənclərin fəallığı, yeniliklərə açıq düşüncəsi və təşəbbüskarlığı milli inkişafın əsas dayaqlarından birinə çevrilmişdir. Zaman dəyişdikcə gənclərin üzərinə düşən vəzifələr də genişlənmiş, onların bilik, bacarıq və dünyagörüşü dövlətin ümumi potensialını müəyyən edən əsas amillərdən olmuşdur.
44 günlük Vətən Müharibəsi Azərbaycan gəncliyinin imtahanı idi. "Dəmir yumruq" ətrafında birləşən minlərlə gənc həm döyüş meydanında, həm də informasiya cəbhəsində misilsiz rəşadət göstərdi. Bu günkü gənclik, torpaqlarını işğaldan azad etmiş bir nəslin nümayəndəsi olmaq qürurunu daşıyır.
Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq qalmaqla yanaşı, qlobal düşüncə tərzinə malikdir. Elm, texnologiya, innovasiya, mədəniyyət və idman sahələrində əldə olunan uğurlar gənclərin intellektual səviyyəsinin və yaradıcılıq imkanlarının göstəricisidir. Onlar beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edir, ölkənin adını uğurla tanıdır, milli maraqları qürurla müdafiə edirlər.
Xüsusilə son illərdə gənclərin cəmiyyət həyatında fəallığı daha qabarıq şəkildə özünü göstərir. Sosial təşəbbüslərdə, könüllülük fəaliyyətində, dövlət və ictimai layihələrdə gənclərin iştirakı onların məsuliyyət hissinin və vətəndaş mövqeyinin formalaşdığını göstərir. Gənclər artıq təkcə gələcəyin deyil, bu günün də aparıcı qüvvəsinə çevrilmişdir.
2 Fevral Gənclər Günü eyni zamanda böyük etimadın ifadəsidir. Bu etimad gəncləri daha çox çalışmağa, öz üzərlərində daim işləməyə, bilik və bacarıqlarını inkişaf etdirməyə sövq edir. Gənclik enerjisi ilə təcrübənin vəhdəti isə cəmiyyətin davamlı inkişafını təmin edən əsas şərtlərdən biridir.
Bu gün Azərbaycan gəncliyi güclü dövlətin möhkəm təməlidir. Onların vətənpərvərliyi, savadı və məqsədyönlü fəaliyyəti ölkənin sabahına olan inamı daha da gücləndirir. 2 Fevral – Gənclər Günü bu inamın, bu gücün və bu ümidin bayramıdır.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri