2 fevral - Azərbaycan Gəncləri Günüdür. Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Vətənpərvər gənclər yetişdirmək möhkəm özüllər üzərində qurulmuş dövlətçiliyin əsas şərtlərindəndir. Gələcəkdə ölkənin qurucuları, sahibləri olacaq şəxslər məhs millətini, xalqını qanı, canı bahasına qorumuş, vətən torpaqlarına sonsuz sevgi bəsləyən, təhsilli və bacarıqlı gənclər olmalıdır. Doğma vətənə məhəbbət əsasən gənclik illərində formalaşır. Bir ölkənin və onun millətinin gələcəyinin necə olması bugünkü gəncliyin vətəni qarşısında məsuliyyət hissini nə dərəcədə dərk etməsindən və vətənini nə dərəcədə sevməsindən asılıdır. Belə gəncləri yetişdirmək cəmiyyət olaraq hər birimizin borcudur.
Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin nəzarətində olub. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.
Azərbaycan gənclərə yönəlik siyasətində bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb.
Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmış, Ümummilli liderin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”. Ulu öndər 1997-ci ildə imzaladığı sərəncamla fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir.
Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Dünyada yalnız 1998-ci il Avqustun 8-dən 12-dən Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmiş ölkə başçısı cənab İlham Əliyev 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların qəhrəmanlığı ilə qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Ulu Öndər tərəfindən təməli qoyulmuş bu günün təsis edilməsinin 29 illiyini qalib ölkənin məğrur və qürurlu gəncləri böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.
Azərbaycan gəncliyi ona göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının və davamlılığının əyani sübutudur.
Sosial həyatın bütün sferalarında gənclər əksəriyyət təşkil edir. Bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
2022-ci il fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyev Vətən müharibəsində gənclərin mühüm rolunu xüsusi vurğulayaraq deyib: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.
İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri dövlətimizin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz təzahürüdür.
Günay Məmmədli
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı üzrə (ADSEA)
ərazi partiya təşkilatının sədri