Bu gün biz Azərbaycan xalqının taleyində müstəsna rol oynamış, müasir dövlətçiliyimizin memarı, milli ideologiyamızın banisi olan Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və mənəvi irsindən bəhs etmək üçün bir araya gəlmişik. Bu irs təkcə keçmişin şanlı səhifəsi deyil, bu günümüzə işıq salan, gələcəyimizi formalaşdıran böyük bir məktəbdir.
Xüsusilə Azərbaycan gəncliyi üçün Heydər Əliyev irsi həyat fəlsəfəsi, inkişaf modeli və vətəndaşlıq məsuliyyəti deməkdir. Ulu Öndər gəncləri hər zaman cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyinin təminatçısı kimi qiymətləndirmişdir. Onun “Gənclər bizim gələcəyimizdir” fikri sadəcə bir şüar deyil, ardıcıl və məqsədyönlü dövlət siyasətinin təməl prinsipi olmuşdur. Məhz bu baxış nəticəsində müstəqil Azərbaycan gəncliyinin formalaşması üçün möhkəm əsaslar yaradılmışdır.
Heydər Əliyevin rəhbərliyi dövründə təhsilin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi daim prioritet istiqamətlər olmuşdur. O, gənclərin yalnız savadlı deyil, eyni zamanda milli kimliyinə bağlı, müasir dünyagörüşlü və dövlətinə sədaqətli vətəndaşlar kimi yetişməsini əsas məqsəd kimi müəyyən etmişdir.
Ulu Öndər hələ sovet dövründən başlayaraq gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu xüsusi vurğulamış, onların intellektual və mənəvi inkişafını daim diqqət mərkəzində saxlamışdır. Onun uzaqgörən siyasəti nəticəsində minlərlə azərbaycanlı gənc keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almış, sonradan isə müstəqil Azərbaycanın qurucularına çevrilmişdir. Bu fakt Heydər Əliyevin gələcəyi necə dəqiq və strateji şəkildə planlaşdırdığının bariz nümunəsidir.
1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi ağır siyasi və sosial böhran dövründə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan üçün xilasedici mərhələ olmuşdur. Dövlətçiliyin qorunması, sabitliyin bərpası və milli həmrəyliyin təmin edilməsi ilə yanaşı, gənclərin sağlam ideoloji əsaslar üzərində formalaşdırılması da prioritet məsələlərdən biri olmuşdur. Çünki Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət yalnız savadlı, vətənpərvər və məsuliyyətli gənclik üzərində qurula bilər.
Ulu Öndər Azərbaycan gəncliyinin həm milli köklərə bağlı, həm də qloballaşan dünyanın çağırışlarına açıq olmasını vacib hesab edirdi. Bu tarazlı və uzaqgörən yanaşma bu gün də gəncliyimizin davamlı inkişafının əsas səbəblərindən biridir.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət proqramları, təhsil islahatları, gənclər təşkilatlarının fəaliyyəti, könüllülük hərəkatının genişlənməsi və gənclərin beynəlxalq layihələrdə fəal iştirakı bu siyasətin real nəticələridir. Azərbaycan gəncliyi bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da öz sözünü deməyə qadirdir.
Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq Heydər Əliyev irsinin gənc nəsildə necə möhkəm kök saldığını bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən gənclərimiz tarix yazaraq ərazi bütövlüyümüzü bərpa etdilər. Bu möhtəşəm Zəfər gəncliyimizin yalnız fiziki gücünü deyil, eyni zamanda mənəvi yetkinliyini də sübut etdi.
Əziz gənclər!
Biz Ulu Öndərin böyük ümid və inam bəslədiyi nəsilik. Bizim əsas vəzifəmiz bu zəngin irsi qorumaqla yanaşı, onu zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirməkdir. Elm, təhsil, innovasiya, milli dəyərlər və dövlətçilik prinsiplərinə sadiqlik bizim əsas yol xəritəniz olmalıdır.
Unutmayaq ki, Heydər Əliyev irsi ilə yetişən gənclik — güclü dövlətin, sabit cəmiyyətin və parlaq gələcəyin əsas təminatıdır. Bu irs yaşadıqca Azərbaycan da yaşayacaq, inkişaf edəcək və dünya miqyasında daha da güclənəcəkdir.
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi Ulu Öndərin müəyyən etdiyi strateji yolun layiqli davamçısıdır. Onların əldə etdiyi uğurlar, qazandıqları nailiyyətlər, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmələri Heydər Əliyev ideyalarının yaşayaraq inkişaf etdiyini bir daha sübut edir.
Bu gün Azərbaycan gəncliyi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuş, öz potensialını reallaşdırmaq üçün geniş imkanlar qazanmışdır. Müasir təhsil sistemi, innovativ layihələr, startap mühiti, rəqəmsal bacarıqların inkişafı, gənclərin sosial və ictimai fəallığının artırılması istiqamətində atılan addımlar gəncliyin gələcəyə daha inamla baxmasına şərait yaradır. Bu isə bir daha göstərir ki, gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu etimadı doğrultmaq üçün hər bir gənc üzərində düşən məsuliyyəti dərindən dərk etməli, daim öz üzərində çalışmalı, bilik və bacarıqlarını artırmalıdır. Zamanın çağırışlarına cavab verən, milli maraqları hər şeydən üstün tutan, müasir düşüncəli və fəal gənclik Azərbaycanın davamlı inkişafının əsas təminatıdır. Güclü iqtisadiyyat, rəqabətqabiliyyətli cəmiyyət və müstəqil dövlətçilik məhz belə gənclərin səyi və əzmi hesabına daha da möhkəmlənəcəkdir.
Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələr daha da artır. İnformasiya müharibəsi, ideoloji təzyiqlər və qlobal çağırışlar şəraitində milli mövqenin qorunması, dövlət maraqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edir. Gənclərimiz hər zaman ayıq-sayıq olmalı, Azərbaycanın haqq səsini beynəlxalq müstəvidə cəsarətlə və əsaslı arqumentlərlə çatdırmağı bacarmalıdırlar.
Əminik ki, sağlam düşüncəli, vətəninə bağlı, milli ruhda tərbiyə almış Azərbaycan gəncliyi qarşıya qoyulan bütün məqsədlərə nail olacaq, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu yeni nailiyyətlərlə daha da zənginləşdirəcəkdir. Gəncliyimizin enerjisi, birliyi və fədakarlığı Azərbaycanın sabahını daha güclü, daha qüdrətli və daha parlaq edəcəkdir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anır, onun ideyalarına sadiq olan bütün gənclərimizə uğurlar arzulayır, Sizi Azərbaycan Respublikasının Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı, bitib-tükənməyən enerji, böyük uğurlar, parlaq nailiyyətlər və Vətənimiz Azərbaycan naminə şərəfli yol arzulayıram. Qoy Ulu Öndər Heydər Əliyevin ideyaları sizin həyat yolunuza işıq salsın, Azərbaycan gəncliyi hər zaman öz gücü, birliyi və vətənpərvərliyi ilə nümunə olsun!
Seymur Fərhadlı
YAP Şahbuz rayon İcra Hakimiyyətinin əməkdaşı, YAP fəalı