Azərbaycan gəncliyi ölkəmizin bu günü və sabahıdır. Gənclər hər bir dövlətin ən böyük strateji resursu olmaqla yanaşı, onun inkişafının, sabitliyinin və davamlı tərəqqisinin əsas təminatçısıdır. Ulu Öndər Heydər Əliyev gənclərə daim xüsusi diqqət göstərmiş, onları Azərbaycanın gələcəyinin əsas dayağı kimi qiymətləndirmişdir. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır” fikri bu siyasətin ideoloji əsasını təşkil edir. Müstəqil Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşmışdır. Bu gün, ölkəmizdə Azərbaycan Gəncləri Günü qeyd olunur. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə təsis edilən bu əlamətdar gün, artıq 28 ildir ki, ölkəmizin gələcəyinin qurucuları olan gənclərin inkişafı üçün diqqət və qayğının təcəssümüdür. Bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan maksimum istifadə etməlidirlər. Azad, sabit və özünə güvənən ölkədə yaşayan Azərbaycan gəncliyi həm öz gələcəyini düzgün müəyyənləşdirməli, həm də dövlətə maksimum fayda vermək üçün fəal mövqe tutmalıdır. Azərbaycan gəncliyinə verilən önəmin bariz nümunələrindən biri 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi olmuşdur. Bu addım gənclərin cəmiyyət həyatında rolunun daha da gücləndirilməsinə, onların təşəbbüslərinin dəstəklənməsinə geniş imkanlar yaratmışdır. Paytaxt Bakı ilə yanaşı bölgələrdə fəaliyyət göstərən “Gənclər evləri” gənclərin vətənpərvər ruhda formalaşdırılmasında, sosiallaşmasında, intellektual və yaradıcı potensiallarının üzə çıxarılmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması gənclər siyasətində mühüm mərhələ olmuşdur. Fond gənclərin sosial layihələrinin maliyyələşdirilməsi, innovativ ideyaların dəstəklənməsi və gənclərin ictimai fəallığının artırılması istiqamətində əhəmiyyətli işlər görür. 2013-cü il 2 iyul tarixində isə ölkəmizdə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilmiş, bu da istedadlı və fəal gənclərin əməyinə verilən yüksək qiymətin təzahürü olmuşdur. Azərbaycan gəncliyi beynəlxalq arenada da fəal təmsil olunur. “Bakı Eurovision–2012” kimi mötəbər beynəlxalq tədbirin keçirilməsi, eləcə də Bakının “Avropa Gənclər Paytaxtı” statusunu qazanması gənclərimizin dünyaya inteqrasiyasında mühüm rol oynamışdır. “Yüksəliş” müsabiqəsi isə gənc kadrların irəli çəkilməsi siyasətinin parlaq nümunəsi kimi dövlət idarəçiliyində peşəkar gənclərin formalaşmasına xidmət edir. 2018-ci ilin noyabr ayında fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin məşğulluğu, karyera planlaması və şəxsi inkişafı baxımından mühüm platformaya çevrilmişdir. Eyni zamanda ölkədə geniş vüsət alan könüllülər hərəkatı gənclərin sosial məsuliyyət hissinin güclənməsinə, ictimai fəallığın artmasına səbəb olmuşdur. Azərbaycan gənclərinin rifahına xidmət edən dövlət proqramları, xaricdə təhsil imkanları, beynəlxalq təmsilçiliyə verilən dəstək dövlətin gənclərə göstərdiyi hərtərəfli qayğının göstəricisidir. Heydər Əliyev Fondunun gənclərin təhsilinə, mədəni inkişafına və sosial layihələrinə verdiyi töhfələr bu sahədə misilsiz əhəmiyyət daşıyır. Xüsusilə qeyd olunmalıdır ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında mətanətlə döyüşən qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə sonsuz minnətdardır. Bu gənclərin hər biri vətənpərvərlik nümunəsinin canlı təcəssümüdür. Azərbaycan idman ölkəsi kimi də tanınır. Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilk olmuşdur. Azərbaycan idmançıları dövlət başçısının onlara göstərdiyi diqqəti beynəlxalq arenalarda qazandıqları yüksək nəticələrlə doğruldurlar. İstedadlı və vətənpərvər gənclərə göstərilən dövlət qayğısı idmanın, elmin, mədəniyyətin inkişafına güclü təkan verir. Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi innovasiya, rəqəmsal bacarıqlar və texnoloji biliklər sahəsində fəal mövqe tutur. Dövlət və cəmiyyətin inkişafında gəncliyin rolu getdikcə daha da artır. Azərbaycan gənclərinin forumları, uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsi, “Qızıl kitab” kimi təşəbbüslər istedadlı gənclərə dövlət qayğısının bariz nümunəsidir. Bütün bunların əsasında Ulu Öndər Heydər Əliyevin mühüm qanunverici təşəbbüsləri, gənclər siyasətinin mahiyyətini əks etdirən qanunlar və 1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması dayanır. Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi diqqət mərkəzində olmuşdur. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən Azərbaycan gəncliyi ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gənclərə yönəlik siyasətində bir çox ölkələri qabaqlayaraq beynəlxalq ictimaiyyət üçün nümunəvi model formalaşdırmışdır. 2 Fevral – Azərbaycan Gəncləri Günü bu böyük yolun, dövlət-gənclik birliyinin və Azərbaycanın güclü, parlaq gələcəyinə olan sarsılmaz inamın rəmzidir.
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri