İnkaredilməz həqiqətdir ki, Azərbaycanda uğurlu – tarixi ənənələrə, ictimai və milli dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına, reallıqlarına uyğun gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Heydər Əliyev qeyd edirdi ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.
Ulu Öndər gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdırıb, demokratik inkişafı təmin etməklə gəncliyin inkişafının ictimai-siyasi özüllərini möhkəmləndirib: “Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu kontekstdə xüsusi vurğulanmalıdır. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi müdrik dövlət xadiminin və Azərbaycan dövlətinin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz təzahürü - əyani göstəricisidir. Bununla yanaşı, Heydər Əliyevin 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalaması respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait və imkanların genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olmuşdur.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətinin nəticəsidir.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında gənclərə münasibətini bu sözlərlə ifadə edib: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.
Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçərək möhtəşəm nailiyyətlər qazanan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir - böyük önəm verir, gəncliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir. Ümumiyyətlə, partiyamızın siyasi dinamizmini təmin edən amillərdən biri uğurlu gənclər siyasətinin reallaşdırılması, Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə güclü ictimai dəstək nümayiş etdirməsidir. Bunun nəticəsi özünü gənclərin Yeni Azərbaycan Partiyasına daimi və sürətli axınında göstərir. Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir.Əlbəttə, yenilikçi və fəal qüvvə olan, daim irəliyə baxan və perspektivi düşünən təbəqənin – sağlam düşüncəli gənclərin vahid seçiminin Yeni Azərbaycan Partiyası olması təsadüfi deyil. Çünki vətəndaşların ali mənafeyini qoruyan, gənclərin xalqa və dövlətə faydalı ideyalarını dəstəkləyən YAP Azərbaycanın dünəni, bu günü olduğu kimi, gələcəyi – aydın sabahı və parlaq perspektivi olduğunu da öz əməli fəaliyyəti ilə sübuta yetirib. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusilə gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır.Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Zəfərin qazanılmasında gənclərin rolunu xüsusi vurğulayıb. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi.
Nəhayət ulu öndərimiz Heydər Əliyevin arzuları həyata keçirildi. 15 oktyabr 2023-cü ildə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndində Azərbaycanın dövlət bayrağı qaldırıldı.Qazanılan Qələbə milli potensialımızı üzə çıxardı. “44 günlük Vətən müharibəsində qazandığımız Zəfər milli birliyimizin qələbəsidir. Azərbaycan gəncləri bu gün də öz missiyasını şərəflə davam etdirir, Vətənimizin keşiyində dayanırlar”.
Tural Sadıxov
YAP Culfa rayon təşkilatının əməkdaşı