Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 2 Fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə tədbir keçirildi.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş nitqi ilə açan sədri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə gənclərin rolundan, onların ictimai aktivliyindən bəhs edərək bildirdi ki, bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu getdikcə artmaqdadır. Yeni Azərbaycan Partiyası cəmiyyətdə aparıcı siyasi qüvvə olmaqla yanaşı partiya gənclərin davamlı inkişafında müstəsna rol oynayır, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onlarda milli-mənəvi dəyərlərə hörmət hislərinin formalaşması və inkişafındakı rolu misilsizdir. Bugün ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi formalaşıb. Azərbaycanda dövlətçiliyimizə sadiq, prezident İlham Əliyevin xalqımızın maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu var.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, Azərbaycan gəncliyi öz prezidenti ətrafında sıx birləşməli, vətənpərvərlik nümunəsi ortaya qoymalı, milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə layiqli cavab verməyi bacarmalıdır. Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor əvəzi Fərid Babayev çıxışında bildirdi ki, hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov dövlət gənclər siyasətindən bəhs edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətinin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. Onun sözlərinə görə ölkəmikzdə gənclər siyasəti ardıcıl olaraq həyata keçirilir. Gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, yüksək fəallığa malik potensial gənclər olaraq yetişmələri istiqamətində mühüm işlər görülür.
Milli Məclisin deputatı Səbinə Xasayeva qeyd etdi ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, həm də onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altinda əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir gənc ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.
Milli Məclisin deputatı Kamaləddin Qafarov vurğuladı ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində dolğun fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclərimiz göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ictimai həyatında fəal iştirakına görə bir qrup gənc partiya fəalı təltif edildi.
Tədbir bədii hissə ilə davam etdirildi. Gənclər arasında viktorina keçirildi və qaliblərə hədiyyələr təqdim edildi.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.