PDF Oxu

Siyasət

  • 631

Azərbaycan gəncləri dövlətimizin dayağı və inkişaf təməlidir

image

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik əlamətdar tarixlərdən biridir. Bu günün əsası Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə qoyulmuş və fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bununla da Azərbaycan MDB və Şərqi Avropa məkanında Gənclər Gününü rəsmi şəkildə təsis edən ilk ölkə kimi tarixə düşmüşdür.

Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın bu günü və gələcəyi hesab edir, onların fiziki və mənəvi cəhətdən sağlam, bilikli, vətənpərvər və yüksək əxlaqi dəyərlərə malik olmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edirdi. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri bu siyasətin ideoloji əsasını təşkil edirdi. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin aparıcı istiqamətinə çevrildi.

Bu məqsədlə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlandı. 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman, 2002-ci ildə isə “Gənclər siyasəti haqqında” Qanun qəbul olundu. İstedadlı gənclərə dövlət qayğısının bariz nümunəsi kimi “Azərbaycanın gənc istedadlarının Qızıl kitabı” təsis edildi, Prezident təqaüdləri tətbiq olundu, xaricdə təhsil proqramları genişləndirildi.

Ulu Öndərin əsasını qoyduğu bu uğurlu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyev gənclərin potensialının üzə çıxarılması, onların savadlı, təşəbbüskar və vətənpərvər kadrlar kimi formalaşması üçün geniş imkanlar yaradıldığını daim vurğulayır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, “Yüksəliş” müsabiqəsi və “Gənclər üçün Prezident Mükafatı” bu siyasətin mühüm nəticələridir.

Azərbaycan gəncləri təkcə elm, təhsil və innovasiya sahəsində deyil, həm də ölkənin müdafiəsində və beynəlxalq arenada öz sözlərini demişlər. Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq onların vətənpərvərlik ruhunun, dövlətə sədaqətinin ən parlaq nümunəsidir. Eyni zamanda, informasiya müharibəsində Azərbaycan gəncliyi fəallığı ilə ölkəmizin mövqelərini beynəlxalq informasiya məkanında uğurla müdafiə etmişdir.

Bu gün Azərbaycan gəncliyi azad, sabit və özünə güvənən ölkədə yaşayır. Gənclərin rifahına xidmət edən çoxsaylı dövlət proqramları, xaricdə təhsil imkanları, könüllülük hərəkatı, idman və mədəni layihələr onların hərtərəfli inkişafına şərait yaradır. Gənclərin sosial fəallığı, liderlik bacarıqları və innovativ düşüncəsi ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynayır.

2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətdəki roluna verilən yüksək dəyərin, dövlətin onlara olan etimadının ifadəsidir. Bu gün həm də Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyəti bir daha xatırladır: müstəqil dövlətimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq.

Mehman Ramazanov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Digər xəbərlər