PDF Oxu

Siyasət

  • 361

Qalib Azərbaycanın güclü gəncliyi ŞƏRH

image

Bu gün ictimaiyyətdə qürur doğuran həm də odur ki, Azərbaycanın gündən-günə güclənməsində, qüdrətlənməsində, dünya birliyində layiqli yer tutmasında gənclərin rolu böyükdür.Uğurlarımıza diqqət çəkərkən bunun təbii ki, işgüzar və vətənpərvər gənclərin səyləri, qətiyyəti sayəsində qazanıldığının bir daha şahidi oluruq. Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir.

Gəncləri Azərbaycanın gələcəyi, müasir Azərbaycanın qurucuları kimi dəyərləndirən Ulu Öndərin 1997-ci il 2 fevral fərmanına əsasən, ölkəmizdə Gənclər Gününün dövlət səviyyəsində qeyd edilməsi yeniyetmə oğlan və qızlarımıza sanki əlavə güc, stimul verdi. Gənclərin ən sevimli məşğuliyyəti olan idmanla yanaşı, ictimai-siyasi işlərə geniş cəlb olunması bu strategiyanın təməl prinsiplərinə çevrildi.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən 19 ildir uğurla davam etdirilir. Ölkə rəhbərinin ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə səsləndirdiyi kimi, hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını gənclər təşkil edir. Danılmaz faktdır ki, gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyündən xəbər verir. Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında özünü bir daha doğrultdu. Zəfəri daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin "dəmir yumruğ"unun Zəfərində 200 ildən artıq əsarət altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsini hədəfləyən uğurlu siyasi manevrlərində də vətənpərvər gənclərin birliyinin şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxdılar. Onlar Prezident İlham Əliyevin etimadını layiqincə doğrultdular.

Prezident İlham Əliyevin 2021-ci il 18 avqust tarixli "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" barədə sərəncamı Azərbaycan gəncliyinin çağırış və hədəfləri ilə bağlı idi. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur.

Hər bir müstəqil dövlət üçün onun gənclərinin sağlam ruhlu və düşüncəli, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması önəmlidir. Azərbaycan gənclərinin də fiziki və mənəvi inkişafı ölkəmizin daha parlaq gələcəyinin əsas təminatıdır. Bütün bunların əsasında ölkəmizdə aparılan uğurlu gənclər siyasəti dayanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti nəticəsində indi Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasətin prioritet istiqamətlərinə gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmini aiddir.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Əziz gənclər, bayramınız mübarək!

Əsli Novruzova

YAP Qusar rayon təşkilatının fəal üzvü

Digər xəbərlər