Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə gənclərin cəmiyyətdəki rolundan, onların ictimai-siyasi fəallığından bəhs edib. O bildirib ki, bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu durmadan artmaqdadır. YAP cəmiyyətin aparıcı siyasi qüvvəsi olmaqla yanaşı, gənclərin davamlı inkişafında mühüm rol oynayır, onlarda vətənpərvərlik hisslərinin aşılanması, milli-mənəvi dəyərlərə hörmət ruhunun formalaşması istiqamətində əvəzsiz fəaliyyət göstərir.
Qeyd olunub ki. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla təsis olunan bu əlamətdar gün gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Bu gün Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi formalaşıb və Prezident İlham Əliyevin xalqın maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu mövcuddur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında vurğulayıb ki, Azərbaycan gəncləri Prezident ətrafında sıx birləşməli, yüksək vətənpərvərlik nümunəsi nümayiş etdirməli, milli dövlətçiliyimizə qarşı yönəlmiş xarici təhdidlərə layiqli cavab verməyə hazır olmalıdır. O, müstəqil dövlətimizin yaratdığı imkanlar sayəsində Azərbaycan gəncliyinin bu gün dünya miqyasında öz sözünü demək gücündə olduğunu qeyd edib.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor əvəzi Fərid Babayev bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinə sadiqliyini ardıcıl qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xaricdə təhsil imkanları, sosial müdafiəyə ehtiyacı olan gənclərə göstərilən dəstək bu sahəyə olan xüsusi diqqətin bariz nümunəsidir.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, gənclər üçün yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan danışaraq vurğulayıb ki, gənclərin hərtərəfli inkişafı və potensialının reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin bilik və bacarıqlarını reallaşdırmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırır. O, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin Azərbaycan gəncliyinin Vətənə bağlılığının və fədakarlığının parlaq nümunəsi olduğunu qeyd edib.
Milli Məclisin deputatı Kamaləddin Qafarov vurğulayıb ki, həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına geniş imkanlar yaradır. O bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edir, dövlətin müəyyən etdiyi strateji vəzifələrin icrasında mühüm rol oynayır və ölkəmizin qüdrətli dövlətə çevrilməsinə töhfə verir.
Sonra rayon təşkilatının ictimai həyatında fəal iştirakına görə bir qrup gənc partiya fəalı təltif edilib.Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə başa çatıb.Tədbir bədii hissə ilə davam edib. Gənclər arasında viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.