Müasir dövlət quruculuğunda gənclər siyasəti strateji əhəmiyyətə malik sahələrdən biri hesab olunur. Gənclər cəmiyyətin ən dinamik sosial qrupu olmaqla yanaşı, dövlətin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas insan kapitalıdır. Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin institusional əsaslarının formalaşdırılması və ardıcıl şəkildə həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət yeni çağırışlara uyğun olaraq daha da təkmilləşdirilmiş və sistemli xarakter almışdır.
Ulu Öndər Heydər Əliyev gənclər siyasətinə həm ideoloji, həm də institusional baxımdan xüsusi önəm vermişdir. Onun siyasi fəlsəfəsində gənclər dövlətin sosial dayağı, milli ideologiyanın daşıyıcısı və müstəqilliyin qoruyucusu kimi qiymətləndirilirdi. Məhz bu yanaşma nəticəsində müstəqil Azərbaycanın gənclər siyasəti planlı və hüquqi çərçivədə formalaşdırılmışdır.
1993-cü ildən sonra gənclərlə iş sahəsində sistemli dövlət siyasətinə başlanılmış, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir. Bu forum gənclərin problemlərinin dövlət səviyyəsində müzakirəsi, onların ictimai-siyasi proseslərdə iştirakının stimullaşdırılması baxımından mühüm mərhələ olmuşdur.
1999-cu ildə qəbul edilmiş “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu gənclər siyasətinin hüquqi bazasını müəyyən etmiş, bu sahədə dövlətin vəzifələrini, gənclərin hüquq və öhdəliklərini təsbit etmişdir. Qanunda gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, onların məşğulluğu, sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsi əsas prioritetlər kimi göstərilmişdir.
Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətinin əsas xüsusiyyəti uzunmüddətli strateji baxışa əsaslanması idi. O, gənclərə təkcə bu günün sosial subyekti kimi deyil, gələcəyin dövlət qurucuları kimi yanaşırdı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Qloballaşma, informasiya cəmiyyətinin formalaşması və rəqabət mühitinin güclənməsi şəraitində gənclərin potensialından səmərəli istifadə dövlət siyasətinin mühüm istiqamətinə çevrilmişdir.
Bu dövrdə ardıcıl olaraq “Azərbaycan gəncliyi” Dövlət Proqramları (2005–2009, 2011–2015, 2017–2021) qəbul edilmişdir. Həmin proqramlar gənclərin təhsil imkanlarının genişləndirilməsi, əmək bazarına inteqrasiyası, sağlam həyat tərzinin təşviqi, gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi və beynəlxalq əməkdaşlığın inkişafını nəzərdə tutmuşdur.
Prezident İlham Əliyev gənclər siyasətini sosial siyasətin ayrılmaz tərkib hissəsi kimi müəyyənləşdirmiş, gənclərin dövlət idarəçiliyində və qərarqəbuletmə proseslərində iştirakının artırılmasına xüsusi diqqət yetirmişdir. Könüllülük hərəkatının genişlənməsi, “ASAN xidmət” və “DOST” kimi innovativ sosial institutlar çərçivəsində gənclərin fəal iştirakı bunun bariz nümunəsidir.
Müasir dövrdə gənclər siyasətinin əsas komponentlərindən biri insan kapitalının inkişafıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil proqramları, ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və rəqəmsal bacarıqların təşviqi gənclərin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Eyni zamanda, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və vətənpərvərlik ideologiyasının gücləndirilməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasında uzun illər ərzində həyata keçirilən dövlət gənclər siyasətinin real nəticələrinin bariz təzahürü kimi qiymətləndirilə bilər. Müharibə dövründə Azərbaycan gəncliyi həm döyüş meydanında, həm də informasiya və ideoloji müstəvidə yüksək fəallıq nümayiş etdirmiş, dövlətin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə həlledici rol oynamışdır. Bu proses gənclərin yalnız sosial qrup deyil, milli təhlükəsizlik və dövlətçilik baxımından strateji resurs olduğunu bir daha sübut etmişdir.
44 günlük Vətən müharibəsində iştirak edən hərbi qulluqçuların böyük əksəriyyətinin gənclərdən ibarət olması təsadüfi deyildir. Bu fakt onların fiziki hazırlığının, psixoloji dayanıqlığının, milli şüurunun və vətənpərvərlik tərbiyəsinin sistemli dövlət siyasəti nəticəsində formalaşdığını göstərir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin ardıcıl şəkildə davam etdirdiyi gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi müharibə şəraitində praktik nəticə vermişdir.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi liderliyi ətrafında sıx birləşən gənclər yalnız silahlı mübarizədə deyil, informasiya müharibəsində də fəal iştirak etmişlər. Sosial şəbəkələr və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin yayılması, dezinformasiyaya qarşı mübarizə və milli mövqenin müdafiəsi gənclərin yüksək intellektual və kommunikativ bacarıqlara malik olduğunu nümayiş etdirmişdir. Bu isə dövlət gənclər siyasətinin müasir komponentlərindən biri olan informasiya savadlılığının və vətəndaş məsuliyyətinin düzgün istiqamətdə formalaşdırıldığını təsdiqləyir.
44 günlük Vətən müharibəsi eyni zamanda dövlət–gənclər münasibətlərində qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu ortaya qoymuşdur. Gənclərin könüllü şəkildə orduya yazılması, arxa cəbhədə sosial təşəbbüslərdə iştirakı və milli həmrəyliyin möhkəmləndirilməsində göstərdikləri fəallıq dövlət gənclər siyasətinin sosial inteqrasiya funksiyasını uğurla yerinə yetirdiyini göstərir.
Fərid Dünyamaliyev
YAP Gənclər Birliyinin üzvü