2 Fevral – Azərbaycan Gənclər Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörənliyi və gənclərə göstərdiyi xüsusi diqqət nəticəsində həmin gün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkə gənclərinin yüksək savada, dünyagörüşünə, təhsilə sahib olması və tərəqqisi üçün mötəbər qərarlar verdi, gənclər siyasətinin dövlətin əsas prioritet sahələrindən biri kimi yaranmasının və inkişafının əsasını qoydu.
Gəncləri “Azərbaycanın gələcəyi” adlandıran Ulu Öndər tərəfindən müxtəlif illərdə gənclərlə bağlı qanunlar qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır. Bu təşəbbüslər gənc nəslin hərtərəfli inkişafı üçün atılan ən mühüm addımlardan idi. Silsilə addımların sayəsində fəal gənclik formalaşdı, 1996-cı ildən Azərbaycan gənclərinin forumları icra olundu və gənc nəsil səlahiyyətləndirilməyə başlandı. Gənclər artıq özlərini daimi inkişaf etdirməli, təhsildə uğurlar qazanmalı, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamalı və dövlət quruculuğu prosesində öz töhfələrini verməli idilər.
Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir. Əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin Cənab Prezident tərəfindən müasir tələblərə uyğun davam etdirilməsi gənclərimizə geniş imkanlar açır. Gənclər ölkəmizin beynəlxalq təmsilçiliyində fəal iştirak edir, elm, yaradıcılıq, iqtisadiyyat, sosial, ekoloji və müxtəlif sahələrdə rəqabətyönümlü uğurlar qazanırlar.
Prezident İlham Əliyevin ölkə gəncliyinə stimul verən və onları ruhlandıran əlamətdar qərarlarından biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə təqdim edilən “Gənclər üçün Prezident Mükafatı” Prezidentimizin gənc nəslə, gənclərin parlaq gələcəyinə və onların fəaliyyətinə göstərdiyi qayğının nümunəsidir.
Uğurla icra olunan gənclər siyasəti gənclərin inkişafına, təhsilinə, fəallığına imkanlar yaratmaqla yanaşı onların milli düşüncədə və vətənpərvərlik ruhunda inkişafını da təmin edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbədən artıq 5 il ötür. Möhtəşəm Zəfərimizdə gənclərimiz həlledici rol oynadı. Azərbaycan gəncliyi öz iradəsini, şücaətini və qətiyyətini həm ön cəbhədə, həm də arxa cəbhədə dünyaya sübut edərək şanlı qələbəni ölkə tarixinə qızıl hərflərlə yazmış oldu. Bu gün gənclərimiz var gücləri ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma proseslərində fəal iştirak edirlər.
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildi. Bu təşəbbüs hüquqi idarəetmə mexanizmlərinin inkişafına və milli suverenliyin etibarlı şəkildə təmin olunmasına yönəlmiş ardıcıl siyasətin bariz nümunəsidir. Bu qərar hüquqi dövlət prinsiplərinin dərinləşdirilməsi və dövlət quruculuğu prosesinin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. “Konstitusiya və Suverenlik ili” çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında gənclərin maariflənməsi istiqamətində müxtəlif formatlı tədbirlər keçirildi. Konstitusiya dəyərləri, dövlət suverenliyi və fəal vətəndaş mövqeyinin təşviqinə həsr olunan debat forumlar, görüşlər, maarifləndirici və intellektual tədbirlər gənclərin hüquqi savadlılıq səviyyəsinin və vətəndaşlıq fəallığının artmasına xidmət etdi.
Bundan əlavə, gənc kadrların irəli çəkilməsi məqsədini daşıyan “Yüksəliş” müsabiqəsinin təsisi, könüllülük hərakatının fasiləsiz inkişafı və genişlənməsi, ardıcıl olaraq gənclərin inkişafı, rifahı və təhsili üçün Dövlət Proqramlarının qəbul edilməsi bu gün ölkəmizdə gənc nəslin hərtərəfli inkişafına yol açır. Gənclərimiz Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edir, gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır və onlara göstərilən etimadı doğrultmaq üçün yorulmadan çalışırlar.
Hüseynxan Hacızadə
YAP Gənclər Birliyinin üzvü, “Gənclər üçün Prezident Mükafat”çısı