Fevralın 3-də Azərbaycan–Türkiyə qardaşlığına, birliyinə və ortaq dəyərlərinə həsr olunmuş görüş keçirilib.SİA xəbər verir ki, “Beynəlxalq Demokratlar Birliyi (UID) Azərbaycan” tərəfindən təşkil edilən tədbirə Azərbaycan və Türkiyədən rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, ictimai təşkilat rəhbərləri və müxtəlif sahələrdən olan qonaqlar qatılıblar.Tədbirdə çıxış edən “UID Azərbaycan” nümayəndəliyinin rəhbəri Cengiz Aygör qurumun fəaliyyətindən danışaraq, təşkilatın beynəlxalq miqyasda fəal rol oynadığını qeyd edib. O vurğulayıb ki, qurum Azərbaycan–Türkiyə münasibətlərinin möhkəmləndirilməsi, qardaşlıq əlaqələrinin dərinləşdirilməsi və ortaq dəyərlərin təşviqi üçün davamlı layihələr həyata keçirir.15 İyul Dərnəyinin sədri İsmayıl Hakkı Turunç çıxışında insan haqlarının əhəmiyyətinə toxunaraq, 15 iyul hadisələrinin xalqın vətənə və dövlətə bağlılığının bariz nümunəsi olduğunu qeyd edib.Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışında UID-in fəaliyyətlərini yüksək qiymətləndirərək, qurumun Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb.O qeyd edib ki, Şimali Kipr və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Bu əlaqələrin davamlı inkişafı iki qardaş ölkə arasında qarşılıqlı dəstəyi və birliyi daha da möhkəmləndirir.Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin prezidentlərin səyləri nəticəsində daha da gücləndiyini bildirib və iki ölkənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.Tədbir tanışlıq, fikir mübadiləsi və gələcək əməkdaşlıqlar üçün "networking" mərhələsi ilə başa çatıb.