"Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər. Azərbaycan Prezidenti və Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri tərəfindən izlənilən bu hərbi təlimlər, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan bir çox dövlətlə ikitərəfli əlaqələrə xüsusi önəm verir və bu əlaqələri strateji və sabitlik prinsipləri əsasında inkişaf etdirir:
"Bu siyasət, Azərbaycanın beynəlxalq arenada dost və tərəfdaş dövlətlərinin sayını artırır və ölkənin regional nüfuzunu gücləndirir. Hazırda iki ölkə arasında yeni əməkdaşlıq mərhələsi başlayıb. Bu mərhələ siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsini, enerji sektorunda birgə layihələrin reallaşdırılmasını və hərbi-strateji əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Azərbaycan üçün Birləşmiş Ərəb Əmirlikləri strateji tərəfdaş, dost və etibarlı müttəfiqdir. Bu əməkdaşlıq həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahələrində ölkəyə ciddi üstünlüklər gətirir.
Gələcəkdə bu əlaqələrin daha yüksək səviyyəyə, yəni strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə yüksəlməsi gözlənilir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı bu inkişaf, regional stabilliyin təmin olunmasına və beynəlxalq əməkdaşlıq çərçivəsində daha geniş perspektivlərin açılmasına şərait yaradacaq".