PDF Oxu

Siyasət

  • 780

Ədalət qalib gəldi: Azərbaycan müharibə cinayətlərinə hüquqi qiymət verdi

image

30 işğal altında qalan Vətən torpaqlarının azadlığı uğrunda qonşu düşmənlə mübarizə aparan, haqq səsini dünyaya yayan və onu ədalətə çağıran Azərbaycan 2020-ci ildən başlayaraq müasir tarixində misli olmayan mərhələlərdən keçir. Budur, ölkəmiz təkcə öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmədi, eyni zamanda Azərbaycan xalqına qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasına nail oldu. Bu, dövlətin gücünün, hüquqa sadiqliyinin və ədalət prinsipinin bariz təzahürüdür.

Bu tarixi nailiyyətin mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəti iradəsi və prinsipial mövqeyi dayanır. Dövlət başçısı hələ müharibədən əvvəl Xocalı soyqırımı və digər ağır cinayətləri törədənlərin mütləq şəkildə məsuliyyətə cəlb ediləcəyini, günahsız qurbanların qanının yerdə qalmayacağını bəyan etmişdi: “Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq”.

Bu, bir faktdır ki, Prezident hər zaman xalq qarşısında verdiyi sözə sadiq qalıb.

Bu gün həmin vədin real nəticələrini görürük

2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ildə birgünlük lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan çoxsaylı təzyiqlərə baxmayaraq, heç bir xarici hərbi dəstək olmadan öz ərazi bütövlüyünü bərpa etdi və paralel şəkildə müharibə cinayətkarlarının mühakiməsinə nail olunacağını bəyan etdi. Çünki bu xalq 30 ildə məhz müharibə cinayətkarlarının çoxsaylı terror hadisələrinə, soyqırımına, insanlığa qarşı dəhşətli cinayətlərinə məruz qalmışdı. Bu səbəbdən də xalqın böyük Zəfəri yalnız hərbi qələbə deyil, eyni zamanda hüquqi və mənəvi qələbə idi. Ona görə ki, xalq dövlət başçısının sərkərdəliyi ilə torpaqların azad olunması ilə bərabər, onun uzun illər boyu saysız cinayət törədənləri də mühakimə kürsüsünə çıxaracağına əmin idi. Dövlət öz vətəndaşlarına münasibətdə ədaləti məhz öz gücü və qətiyyəti hesabına təmin etdi.

Məhkəmə prosesi ilə əlaqədar Azərbaycan xaricdən ciddi və əsassız siyasi təzyiqlərlə üzləşsə də, bu amil Prezidentin prinsipial mövqeyinə zərrə qədər təsir göstərmədi. Bu, Azərbaycanın suveren qərarvermə hüququnun və müstəqil siyasətinin növbəti sübutu oldu.

İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi ədalətin ali formasıdır və münaqişələrin ədalətli həlli üçün ən düzgün model hesab edilməlidir. Təəssüf ki, dünya təcrübəsində çoxsaylı münaqişələr bitsə də, minlərlə mülki şəxsin qətlində əli olan cinayətkarlar məsuliyyətdən kənarda qalır. Bu isə müharibələrin natamam və ədalətsiz həlli deməkdir.

Tarixdə fərqli nümunələr mövcuddur. Məsələn, İsrail dövləti İkinci Dünya müharibəsindən uzun illər sonra belə, milyonlarla yəhudinin qətlində iştirak etmiş nasist canilərini müxtəlif ölkələrdə taparaq mühakimə etməyə nail olmuşdu. Lakin həmin cinayətkarların hamısı layiqli cəzasını almadı. Keçmiş Yuqoslaviyada isə münaqişələrdən sonra bəzi müharibə cinayətkarları beynəlxalq birliyin səyləri nəticəsində məhkəmə qarşısına çıxarıldı. Azərbaycan isə bu prosesi təkbaşına və milli iradə ilə həyata keçirdi.

Məhkəmə sübut etdi

Açıq keçirilən məhkəmə prosesində səsləndirilən ifadələr, təqdim olunan faktlar Ermənistan hakimiyyətinin və onun silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə birbaşa rol oynadığını açıq şəkildə sübut etdi. Bu faktlar Ermənistan dövlətinin işğala, soyqırımına, urbisid və ekosid siyasətinə görə məsuliyyət daşıdığını bir daha təsdiqlədi.

Təqsirləndirilən şəxslərin etirafları xüsusilə diqqət çəkicidir. L.Mnatsakanyanın ifadəsi ilə aydın oldu ki, qondarma rejimin ordusu heç vaxt müstəqil hərbi qüvvə olmayıb, Ermənistan ordusunun ən böyük hərbi birləşməsi kimi fəaliyyət göstərib. Qondarma rejimdə yüksək hərbi vəzifələrə təyinatlar İrəvanda təsdiqlənib, təminat və idarəetmə Ermənistan ordusunun daxilində həyata keçirilib. Eyni zamanda A.Arutyunyanın hərbi xidmətdə olması, B.Saakyanın Şuşanın işğalında iştirakı barədə yayımlanan kadrlar Ermənistanın birbaşa iştirakını ifşa etdi.

Məhkəmə prosesi faktiki olaraq sübut etdi ki, Ermənistan işğalçılıq siyasətini gizlətmək məqsədilə qondarma rejim yaradıb və həmin rejimin rəhbərləri bu siyasətin Qarabağdakı əsas icraçıları olublar. Zərərçəkmişlərin ifadələri, maddi sübutlar və etiraflar işğalın bütün məsuliyyətini Ermənistanın üzərinə qoydu.

Bu məhkəmə təkcə hüquqi proses deyil, həm də tarixi ədalətin bərpasıdır. Azərbaycan bir daha sübut etdi ki, müharibə cinayətləri zaman aşımına məruz qalmır və ədalət gec də olsa, öz yerini tapır. Və bir də onu sübut etdi ki, qarşıya qoyulan məqsəd və prinsipial mövqe istənilən ədalətsizliyə qalib gələ bilir.

Mətanət Məmmədova

Digər xəbərlər