Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat yığıncaqları uğurla davam etdirilir. Bu silsilədən olan növbəti iclas Texniki Peşə Məktəbi ərazi partiya təşkilatında geniş tərkibdə keçirilmişdir.
Tədbirə başlamazdan əvvəl Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İclasların gündəliyi ərazi partiya təşkilatının 2025-ci il üzrə fəaliyyətinin yekunları və 2026-cı il üçün nəzərdə tutulan Tədbirlər Planının müzakirəsi və təsdiqi olmuşdur.
Ərazi partiya təşkilat sədri Qalalı Hüseynov hesabat məruzəsi ilə çıxış edərək, ötən bir il ərzində həyata keçirilən layihələr, partiya üzvlərinin ictimai aktivliyi və ideoloji işin vəziyyəti barədə ətraflı məlumat vermişdir. Məruzə ətrafında aparılan geniş müzakirələrdə çıxış edən partiya fəalları görülən işləri yüksək qiymətləndirərək, təşkilatın fəaliyyətini qənaətbəxş hesab ediblər.
Yığıncaqda YAP-ın ölkənin siyasi sistemindəki mütləq rolu xüsusi vurğulanıb. Çıxış edənlər qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası öz əməli fəaliyyəti ilə müstəqil dövlətimizi zirvələrə və daha parlaq sabahlara daşımağa qadir olan yeganə siyasi qüvvədir.
Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev YAP-ın yaradıcısı Heydər Əliyevin partiya quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edərək bildirib ki, bu gün partiyanın fəaliyyəti məhz Ulu Öndərin müəyyən etdiyi sarsılmaz ideoloji prinsiplər üzərində qurulub. O, xüsusi olaraq qeyd edib ki, bu strateji kurs hazırda Partiya Sədri, cənab Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir və ölkəmizi daha parlaq gələcəyə aparır.