Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bir çox mühüm hadisələrlə yadda qaldı. İlk növbədə ölkələrarası münasibətlərin inkişafı baxımından vacib görüşlərin keçirilməsi, strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinin müzakirə edilməsi, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənədin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanması, həmçinin, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin keçirilməsi- bütün bunlar ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəkdir.
Digər mühüm məqam, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi. Bu görüş Cənubi Qafqazın memarlığının necə dəyişdiyini və bu gün regionda oyun qaydalarını kimin müəyyən etdiyini bir daha əyani şəkildə nümayiş etdirdi. Dialoqun özü, onun müntəzəm xarakter alması, məzmunu və dinamikası Bakının strateji kursunun və dövlət başçısının şəxsi liderliyinin birbaşa nəticəsidir. Bir müddət əvvəl bu cür görüşlər qeyri-mümkün görünürdü. Onilliklər boyu Ermənistan daimi münaqişə məntiqi ilə yaşayaraq qarşıdurmanı qoruyub saxlamış, siyasətini miflər və ərazi iddiaları üzərində qurmuşdu. Bu model artıq çökmüşdür. Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində Azərbaycan köhnə sistemi dağıtmaqla kifayətlənmədi, o, həm də İrəvan üçün manevr və illüziya imkanlarının qalmadığı yeni bir reallıq formalaşdırdı. Bu gün Ermənistan Bakının müəyyən etdiyi şərtləri qəbul etməyə məcburdur. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında görüşlərin artıq nadir istisna olmaması da diqqətəlayiq məqamdır. Dialoq davamlı prosesə çevrilib. Bu, vasitəçilərin təşəbbüsü ilə deyil, Azərbaycanın sülh gündəliyini öz inkişaf strategiyasının tərkib hissəsi kimi ardıcıl şəkildə irəli aparması nəticəsində baş verir. Prezident İlham Əliyev hər zaman gələcəyə – mehriban qonşuluğa, birgə layihələrə və iqtisadi qarşılıqlı asılılığa üstünlük verir, qələbəni isə qəti və mübahisəsiz nəticə kimi möhkəmləndirir. Danışıqların formatı ilə bağlı Bakının prinsipial mövqeyi xüsusi diqqətə layiqdir. Azərbaycan açıq şəkildə bəyan edib ki, Bakı ilə İrəvan arasındakı bütün məsələlər ikitərəfli qaydada həll olunmalıdır. Beynəlxalq platformalar görüşlər üçün şərait yarada bilər, lakin ikitərəfli dialoqu əvəz edə bilməz. Faktiki olaraq, İrəvan da bu məntiqə əməl edir. Əbu-Dabi ötən ilin yayında olduğu kimi, bu dəfə də əhatəli və məzmunlu müzakirələrin aparıldığı məkana çevrildi. Tərəflər ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş Vaşinqton sülh sammitindən sonra əldə olunan irəliləyişi qeyd etdilər. Lakin daha vacib olan başqa məqamdır: sülh artıq kağız üzərində deyil, gündəlik həyatda hiss olunmağa başlayıb. İkitərəfli ticarətin başlanması, Azərbaycan neft məhsullarının Ermənistana ixracı, taxılın Azərbaycan ərazisindən tranziti – bütün bunlar Bakıda qəbul edilən qərarların birbaşa nəticəsidir.
Fevralın 4-də Əbu-Dabidə baş tutan mərasim həm də simvolik məna daşıyır. Birləşmiş Ərəb Əmirlikləri dünyada sülh və tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycan da eyni dəyərləri paylaşır. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bu mükafatla daha da dərinləşir. Təqdimat mərasimində iştirak edən dünya liderləri, nüfuzlu din xadimləri və ictimaiyyət nümayəndələri Azərbaycanın uğurunu alqışlayırlar. Tarix sübut edir ki, dağıtmaq asandır, qurmaq isə çətin. Prezident İlham Əliyev ən çətin olanı seçdi və uğur qazandı.
Onu da qeyd etmək vacibdir ki, Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na təkcə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına görə deyil, eləcə də bölgədə və dünyada sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə görə layiq görülüb. Bu mükafat dövlətimizin başçısına beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsi sayılmalıdır.
Şübhəsiz ki, Prezident İlham Əliyevə ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqı özü verib. Bu, etimad və sevgi mükafatıdır. O, Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi iki əsrdən bəri xalqımızın qarşısında duran ən çətin və ağrılı məsələnin həllinə nail oldu. İndi tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimizi uğurla gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etməyə qadir Liderdir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini