PDF Oxu

Siyasət

  • 551

Azərbaycanın xarici siyasət fəlsəfəsində güc, etimad və sülh ŞƏRH

image

Müasir beynəlxalq münasibətlər sistemində enerji siyasəti artıq yalnız iqtisadi kateqoriya deyil, dövlətlərin geosiyasi çəkisini və diplomatik imkanlarını müəyyən edən əsas amillərdən birinə çevrilib. Məhz bu reallıq fonunda Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri münasibətləri klassik ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq qlobal enerji, təhlükəsizlik və sülh gündəliyinin mühüm komponentinə çevrilir. Şübhəsiz ki, Azərbaycan–BƏƏ əlaqələrinin inkişafında enerji sektoru xüsusi yer tutur. Zəngin neft-qaz ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu gün artıq enerji siyasətini təkcə karbohidrogenlər üzərindən deyil, elektrik enerjisi və xüsusilə yaşıl enerji strategiyası əsasında şaxələndirir. Bu yanaşma Azərbaycanın xarici siyasət fəlsəfəsində “güc” anlayışının yeni məzmun kəsb etdiyini göstərir və enerji gücü artıq dayanıqlı inkişaf və iqlim diplomatiyası ilə tamamlanır. İki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq konkret layihələrlə təsdiqlənir. 2022-ci ilin martında “Gülüstan” sarayında cənab Prezident İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının təməl daşının qoyulması bu əməkdaşlığın simvoluna çevrildi. 2023-cü ilin oktyabrında stansiyanın istifadəyə verilməsi isə Azərbaycanın yaşıl enerji sahəsində regional liderliyə doğru inamlı addım atdığını nümayiş etdirdi. Eyni zamanda, ölkələrimiz arasında imzalanan hüquqi sənədlər əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı “Cənub Qaz Dəhlizi” QSC-də dövlətə məxsus qeyri-nəzarət payının bir hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG-yə satılması enerji tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərdi. Bununla yanaşı, müdafiə sahəsində niyyət məktubunun imzalanması Azərbaycan–BƏƏ münasibətlərinin artıq təhlükəsizlik ölçüsünə də malik olduğunu təsdiqlədi. Bu xətt “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimlərində də öz əksini tapdı. Antiterror əməliyyatları üzrə keçirilən bu təlimlər iki ölkənin yalnız hərbi əməkdaşlığını deyil, dayanıqlı sülhün təmininə yönəlmiş ortaq təhlükəsizlik fəlsəfəsini nümayiş etdirdi. Səfər çərçivəsində cənab Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü isə Azərbaycanın sülh diplomatiyasının beynəlxalq müstəvidə necə qəbul edildiyini göstərdi. Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi, ikitərəfli ticarətin bərpası, tranzit və enerji əməkdaşlığı məsələləri Azərbaycanın sülhü praktik addımlarla möhkəmləndirdiyini ortaya qoyur. Etimad quruculuğu tədbirlərinin genişləndirilməsi də bu siyasətin ayrılmaz hissəsidir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, səfər çərçivəsində Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Bu tədbir Azərbaycanın multikulturalizm, insan qardaşlığı və dialoq prinsiplərinə sadiqliyini beynəlxalq platformada nümayiş etdirdi və Bakı modelinin yalnız siyasi deyil, həm də humanitar və mədəni aspektdə dünyada nümunəvi model olduğunu təsdiqlədi. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan qütbləşən dünyada qarşıdurma dili deyil, əməkdaşlıq və dialoq modeli təklif edir. Regionda sülhə aparan yolun xəritəsinin məhz Bakı tərəfindən tərtib olunması Azərbaycanın beynəlxalq hüquqa, ədalətə və real siyasi məsuliyyətə söykənən kursunun nəticəsidir.

Azərbaycanın xarici siyasət fəlsəfəsi, güc, etimad və sülh konsepsiyası BƏƏ ilə münasibətlər timsalında real məzmun qazanır. Enerji gücü iqlim məsuliyyəti ilə, təhlükəsizlik əməkdaşlığı sülh təşəbbüsləri ilə, diplomatik etimad isə regional sabitliklə tamamlanır. Əbu-Dabidə təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı” isə Azərbaycanın bu siyasəti yalnız söz və sənədlərdə deyil, həm də beynəlxalq ictimaiyyət qarşısında nümunəvi humanitar-prinsipli model kimi təqdim etdiyini təsdiqləyir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Digər xəbərlər