4 fevral 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq ictimaiyyətin diqqətini insan həmrəyliyi, multikultural dəyərlər və qlobal sülh ideyalarına yönəltdi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev insan qardaşlığının müasir dünyanın əsas çağırışları fonunda xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, münaqişələrin, dini və etnik zəmində qarşıdurmaların artdığı bir dövrdə qarşılıqlı hörmətə, dialoqa və əməkdaşlığa əsaslanan yanaşmalar bəşəriyyət üçün yeganə doğru yoldur. Dövlətimizin başçısı öz çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də uğurla davam etdirilən multikulturalizm və tolerantlıq siyasətinin Azərbaycanın dövlət strategiyasının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc şəraitdə birgə yaşadığı məkan olduğunu xatırladaraq, bu modelin yalnız regional deyil, qlobal miqyasda da nümunə kimi təqdim oluna biləcəyini bildirdi. Cənab prezident vurğuladı ki, insan qardaşlığı ideyası sadəcə mənəvi dəyər deyil, eyni zamanda beynəlxalq təhlükəsizliyin və davamlı inkişafın əsas şərtidir.
Dövlətimizin başçısı beynəlxalq platformalarda, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş təşəbbüslərdə Azərbaycanın fəal iştirakını xatırladaraq, bu istiqamətdə BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar çərçivəsində irəli sürülən təşəbbüslərin mahiyyətindən bəhs etdi. Prezident İlham Əliyev bildirdi ki, humanitar diplomatiya və qarşılıqlı anlaşma müasir beynəlxalq münasibətlər sistemində etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın mahiyyətinə toxunan Prezident İlham Əliyev bu mükafatın mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın bəşəri dəyərlərə söykənən siyasi və mənəvi irsinin davamı olduğunu vurğuladı. Cənab prezident qeyd etdi ki, bu cür təşəbbüslər xalqlar arasında körpülər qurur, nifrət və ayrı-seçkiliyə qarşı ümumbəşəri mövqenin formalaşmasına xidmət edir.Sonda Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti insan qardaşlığı prinsipinə sadiq qalmağa, sülhə, dialoqa və qarşılıqlı hörmətə əsaslanan gələcəyin birgə qurulmasına çağırdı. Dövlətimizin başçısı əminliklə bildirdi ki, yalnız bu yol bəşəriyyəti davamlı sülhə və sabitliyə aparacaq.
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı