PDF Oxu

Siyasət

  • 1 177

Azərbaycanın sülh və əməkdaşlıq modeli ŞƏRH

image

Beynəlxalq münasibətlər sistemi hazırda ciddi yenidənqurma və dəyişiklik mərhələsini yaşayır. Qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi, regional münaqişələrin uzunmüddətli xarakter alması, həmçinin beynəlxalq hüququn bəzən selektiv şəkildə tətbiqi orta güclü dövlətlərin rolunu daha da aktuallaşdırır. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan özünü yalnız regional iştirakçı kimi deyil, eyni zamanda məsuliyyətli, etibarlı və balans yaradan siyasi aktor kimi təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyası ölkəmizi yeni geosiyasi istiqamətlərin formalaşmasında fəal tərəfə çevirib.

Azərbaycanın Yaxın Şərqə yönəlik siyasəti ənənəvi blok məntiqindən uzaqdır və daha çox praqmatik əməkdaşlıq, qarşılıqlı fayda və maraqların uzlaşdırılması prinsiplərinə əsaslanır. Bakı müxtəlif güc mərkəzləri arasında etibarlı vasitəçi, dialoq üçün platforma və sabitləşdirici amil rolunda çıxış edir. Birləşmiş Ərəb Əmirlikləri ilə qurulan strateji tərəfdaşlıq da bu yanaşmanın konkret nümunəsidir. Regionda iqtisadi və diplomatik nüfuzu sürətlə artan BƏƏ ilə münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, daha geniş geosiyasi kontekstdə dəyərləndirilməlidir. Bu əməkdaşlıq Cənubi Qafqaz, Xəzər hövzəsi və Yaxın Şərq arasında yeni siyasi-iqtisadi əməkdaşlıq xəttinin formalaşmasına xidmət edir. Formalaşan bu xətt qarşıdurma və hegemonluq məqsədi daşımır; əsas prioritet sabitlik, təhlükəsizlik və qarşılıqlı qazancdır.

Dəyişən qlobal güc balansı şəraitində Azərbaycanın əsas üstünlüklərindən biri müstəqil qərarvermə imkanlarının genişliyidir. Cənab Prezident İlham Əliyevin diplomatik xətti milli maraqların beynəlxalq hüquq müstəvisində qətiyyətlə qorunmasını təmin etməklə yanaşı, əməkdaşlıq və dialoq qapılarını da açıq saxlayır. Bu yanaşma Azərbaycanın Yaxın Şərqdə etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın sülh diplomatiyası bu geosiyasi kursun mərkəzi elementidir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda rəsmi Bakı revanşist ritorikadan uzaq duraraq sülh və normallaşma gündəliyini önə çıxardı. Bu yanaşma beynəlxalq ictimaiyyətə mühüm mesaj verdi: hərbi qələbə əldə olunsa belə, münaqişələrin yekun həlli hüquqi və siyasi mexanizmlər vasitəsilə təmin edilməlidir. Bu səbəbdən Azərbaycan bu gün sülh təşəbbüslərini irəli sürən və prosesə istiqamət verən tərəf kimi çıxış edir. Bu çərçivədə Prezident İlham Əliyevin BƏƏ-yə səfəri zamanı Əbu-Dabidə təşkil olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimi xüsusi rəmzi və siyasi məna kəsb edir. Sözügedən mükafat Azərbaycanın multikultural dəyərlərə, mədəni müxtəlifliyə, insan həmrəyliyinə və dialoq ideyalarına sadiqliyini beynəlxalq səviyyədə nümayiş etdirir. Eyni zamanda tədbir Bakı ilə Əbu-Dabi arasında münasibətlərin yalnız siyasi və iqtisadi deyil, humanitar və mənəvi əsaslar üzərində də inkişaf etdiyini göstərən mühüm göstəricidir.

Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının əhəmiyyəti regionda təhlükəsizlik və sabitlik mühitinin möhkəmləndirilməsində də aydın görünür. Cənab Prezident İlham Əliyevin səfəri çərçivəsində Ermənistanın baş naziri ilə keçirilən görüş bu baxımdan diqqətçəkən siyasi hadisədir. Görüşün neytral məkanda və vasitəçi təzyiqi olmadan keçirilməsi Azərbaycanın sülh prosesinə birbaşa ikitərəfli formatda üstünlük verdiyini göstərdi. Nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin bərpası və humanitar təmasların genişləndirilməsi sülhün praktik məzmun qazandığını nümayiş etdirir. Bu isə sülhün təkcə siyasi bəyanat deyil, real həyatın tərkib hissəsinə çevrilməsi deməkdir. Yaxın Şərqdə dərin ziddiyyətlərin davam etdiyi bir dövrdə Azərbaycanın dialoq və əməkdaşlıq yanaşması xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı ideoloji təsir siyasəti yürütmür, siyasi diktə yolu tutmur. Azərbaycan modeli qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə və daxili işlərə qarışmamaq prinsipinə, eləcə də praqmatik tərəfdaşlığa əsaslanır.

Nəticə olaraq, Azərbaycan–BƏƏ strateji əməkdaşlığı yalnız iki ölkə arasındakı münasibətlərin inkişafı deyil, həm də dəyişən geosiyasi reallıqlar fonunda yeni güc balansının formalaşmasına töhfə verən siyasi modeldir. Cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regional münaqişələrin həllində təşəbbüskar mövqe tutan, qlobal çağırışlara məsuliyyətlə yanaşan və beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi çıxış edən dövlət kimi mövqeyini daha da gücləndirir. Bu siyasət göstərir ki, müasir dünyada güc anlayışı təkcə hərbi və iqtisadi potensialla ölçülmür; ədalətli mövqe, ardıcıl diplomatiya və sülhə sadiq siyasi iradə də əsas müəyyənedici faktorlardandır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər