PDF Oxu

Siyasət

  • 1 026

Humanizm və davamlı inkişaf fəlsəfəsinin beynəlxalq təntənəsi ŞƏRH

image

4 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi təkcə rəsmi protokol tədbiri deyil, eyni zamanda müasir dünyada sülh, dialoq, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərlərin təntənəsi kimi tarixə düşdü. Bu nüfuzlu beynəlxalq mükafata Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin layiq görülməsi ölkəmizin qlobal miqyasda artan nüfuzunun, multikulturalizm siyasətinin və humanist dəyərlərə sadiqliyinin növbəti təsdiqi oldu.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, müdrik lider Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan bu mükafata layiq görülmək onun üçün böyük şərəfdir. Bu ifadə təkcə diplomatik nəzakət nümunəsi deyil, həm də Şeyx Zayedin siyasi irsinə, humanist baxışlarına və bəşəri ideallarına verilən yüksək dəyərin ifadəsidir.

Şeyx Zayed müasir ərəb dünyasında dövlət quruculuğunun, sosial ədalətin, dini tolerantlığın və multikultural harmoniyanın simvolu kimi qəbul olunur. Onun yaratdığı inkişaf modeli yalnız iqtisadi tərəqqiyə deyil, həm də insan amilinə, sosial rifaha və mənəvi dəyərlərə söykənirdi. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu ali prinsiplərin yaşadılması və dünyada təşviqi məqsədilə təsis edilib.

Cənab Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin, sülhün möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi və multikultural dəyərlərin qorunmasının, qlobal miqyasda tanınmasının bariz nümunəsidir. Azərbaycan müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin tarix boyu dinc yanaşı yaşadığı unikal məkan kimi bu gün də tolerantlıq modelini uğurla dünyaya təqdim edir.

Xüsusilə postmünaqişə dövründə regionda sülhün və sabitliyin bərqərar olunmasına yönəlmiş təşəbbüslər, konstruktiv dialoq çağırışları və beynəlxalq hüquqa əsaslanan mövqe cənab Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin əsasını təşkil edir. Bu baxımdan, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın qlobal sülh gündəliyinə verdiyi töhfənin beynəlxalq səviyyədə etirafıdır.

Cənab Prezident İlham Əliyev çıxışında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın atasının Şeyx Zayedin siyasi kursunu böyük uğurla davam etdirdiyini vurğuladı. Bu fikir təsadüfi deyil. Son illərdə Birləşmiş Ərəb Əmirlikləri iqtisadi inkişaf, texnoloji tərəqqi, sosial rifah və beynəlxalq nüfuz baxımından dünya miqyasında nümunəvi dövlətlərdən birinə çevrilib.

Şeyx Məhəmməd bin Zayedin rəhbərliyi ilə BƏƏ yalnız regionun deyil, qlobal miqyasda innovasiya, süni intellekt, yaşıl enerji, kosmik tədqiqatlar və humanitar diplomatiya sahələrində aparıcı mövqelərdən birini tutur. Bu, atasının qoyduğu möhkəm təməllər üzərində qurulan strateji baxışın nəticəsidir.

Azərbaycan ilə BƏƏ arasında son illərdə dinamik şəkildə inkişaf edən münasibətlər də məhz bu strateji yanaşmanın təzahürüdür. İki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə əlaqələr sürətlə genişlənir. Xüsusilə bərpa olunan enerji sahəsində həyata keçirilən birgə layihələr gələcəyə hesablanmış strateji tərəfdaşlığın parlaq nümunəsidir.

Cənab Prezident İlham Əliyevin Şeyx Məhəmmədin liderliyini yüksək qiymətləndirməsi Azərbaycan–BƏƏ münasibətlərinin səmimiliyini və qarşılıqlı etimada əsaslandığını göstərir. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun inkişafına, sabitliyinə və rifahına xidmət edir.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi həm də Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərinin yüksək dəyərləndirilməsidir. Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, dini liderlərin zirvə görüşləri və multikulturalizm sahəsində həyata keçirilən proqramlar ölkəmizin qlobal humanizm mərkəzinə çevrildiyini nümayiş etdirir.

Azərbaycan bu gün sivilizasiyalar arasında körpü rolunu oynayaraq Şərqlə Qərbi, İslam dünyası ilə xristian sivilizasiyasını bir araya gətirən nadir platformalardan birini formalaşdırıb. Bu siyasətin əsas memarı isə cənab Prezident İlham Əliyevdir.

Əbu-Dabidə keçirilən mərasim və cənab Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan müasir dünyada yalnız regional güc deyil, eyni zamanda sülh, dialoq və insan qardaşlığı ideyalarının fəal daşıyıcısıdır. Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafat cənab Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin, humanist dəyərlərə sadiqliyinin və beynəlxalq əməkdaşlığa verdiyi töhfənin ən yüksək səviyyədə etirafıdır.

Bu mükafat həm də Azərbaycan xalqına göstərilən dərin hörmətin və ölkəmizin dünya birliyində qazandığı mövqenin parlaq ifadəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sülh, sabitlik və inkişaf yolunda inamla irəliləməkdə davam edir.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər