Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və müasir inkişaf yolunun memarı olan Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan nüfuzlu mükafatın təqdimetmə mərasimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi və mükafata layiq görülməsi ölkəmizin artan nüfuzunun, sülhə, əməkdaşlığa və dayanıqlı inkişafa verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsi kimi tarixə düşdü.Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı Şeyx Zayedin irsinin yalnız BƏƏ üçün deyil, bütün dünya üçün örnək olduğunu vurğuladı. O, Şeyx Zayedin uzaqgörən siyasəti sayəsində qısa müddətdə səhralıqdan müasir, güclü və rifahlı bir dövlətin qurulduğunu qeyd edərək, bu inkişaf modelinin xalqlara xidmət edən liderliyin nə qədər əhəmiyyətli olduğunu göstərdiyini bildirdi. Prezident Əliyev üçün bu mükafata layiq görülmək təkcə şəxsi şərəf deyil, eyni zamanda Azərbaycan xalqına göstərilən böyük hörmətin ifadəsi idi.
Son illərdə Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən nəhəng layihələr, humanitar forumlar, multikulturalizm dəyərlərinin qorunması ölkəmizi etibarlı tərəfdaş və dialoq mərkəzinə çevirib. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında sülh və inkişafı dəstəkləyən ölkə kimi tanınır.
Zayed mükafatı isə insanlığa xidmət edən, xalqlar arasında körpülər quran liderləri və təşəbbüsləri önə çıxarmağı hədəfləyir. Bu baxımdan Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi onun rəhbərliyi altında Azərbaycanın beynəlxalq arenada qazandığı uğurların məntiqi nəticəsidir. Bu, həm də iki dost ölkə – Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında möhkəm siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.
Mərasimdə səslənən fikirlər bir daha sübut etdi ki, müasir dünyada güclü liderlik yalnız iqtisadi inkişafla ölçülmür. Əsas meyar xalqların rifahı, sülhün qorunması və gələcək nəsillər üçün təhlükəsiz dünyanın qurulmasıdır. Prezident İlham Əliyevin siyasətinin mərkəzində də məhz bu dəyərlər dayanır.
Nəticə etibarilə, Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülmək Azərbaycan üçün qürurverici hadisə olmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə töhfə verir. Bu mükafat Prezident İlham Əliyevin liderliyinin, Azərbaycanın uğurlu inkişaf yolunun və dünyaya verdiyi müsbət mesajların yüksək səviyyədə tanındığının rəmzidir.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatında məsləhətçi