Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş zamanı general-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb.
Briqada generalı Ə.Nəsirzadə ölkələr arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.