PDF Oxu

Siyasət

  • 494

Əbu-Dabidən verilən mesajlar ŞƏRH

image

2026-cı il fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak edib və tədbir iştirakçılarına müraciətlə çıxış edib.

Mərasimdə bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, dini konfessiyaların rəhbərləri, ictimai xadimlər və humanitar sahədə fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər. Tədbir xalqlar arasında qarşılıqlı hörmətin gücləndirilməsi, dinlərarası dialoqun təşviqi və sülh ideyalarının təbliği məqsədi daşıyıb.

Prezident İlham Əliyev çıxışında müasir dünyada münaqişələrin, qarşıdurmaların və humanitar böhranların artdığı bir şəraitdə dialoq və qarşılıqlı anlaşmanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyətin əsas vəzifələrindən biri uzunmüddətli münaqişələrin doğurduğu etimadsızlıq mühitinin aradan qaldırılmasıdır.

Ölkə başçısı, bu mükafatın yalnız liderlərin deyil, hər iki xalqın sülhə sadiqliyinin nəticəsi olduğunu və insan qardaşlığının real həyatda tətbiqinin vacibliyini xüsusi qeyd edib.

Prezident İlham Əliyevin çıxışında söylədiyi “Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.” fikirləri təkcə siyasi çağırış deyil, real siyasi iradə və qarşılıqlı etimad üzərində qurulan praktiki fəaliyyət proqramı olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, sülhə gedən yol çətin və mərhələli proses olsa da, səmimi dialoq və beynəlxalq dəstək sayəsində bu məqsədə nail olmaq mümkündür.

Prezident İlham Əliyev Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olduğunu vurğulayıb. O, ölkəmizdə multikulturalizm siyasətinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu, bu sahədə həyata keçirilən layihələrin beynəlxalq səviyyədə də müsbət qarşılandığını qeyd edib.

Dövlət başçısı, eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, humanitar, mədəni və iqtisadi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər