PDF Oxu

Siyasət

  • 1 234

Azərbaycanın sülh quruculuğuna verilən dəyər

image

Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri Azərbaycanın xarici siyasət uğurlarının növbəti təqdimatı oldu. Səfər çərçivəsində cənab İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdü. Qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında əhəmiyyəti xüsusi vurğulandı. Prezident İlham Əliyev, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdü. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladı, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğuladılar.

Səfər “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi ilə də yadda qaldı. Dövlətimizin başçısı İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın, dünyaya təqdim etdiyi sülh modelinə verilən dəyərin təsdiqidir. oldu. Cənab İlham Əliyev çıxışında “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir” söyləyərək onu da əlavə etdi ki, əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir.
Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası yeni reallıqlar yaratdı. Azərbaycan şanlı Qələbəmizdən sonra regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Ötən müddət ərzində ölkəmizin bu istiqamətdə göstərdiyi səylər ötən ilin avqustunda dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfəri zamanı uğurlu nəticəsini verdi. Sözügedən təqdimolunma mərasimində cənab İlham Əliyev qeyd etdi ki, bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq. Biz sülh şəraitində yaşamağı öyrənirik. Bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirən dövlətimizin başçısı vurğuladı ki, o, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur.
Qeyd edək ki, bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur. Təqdimolunma mərasimində bir daha qeyd edildi ki, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər