PDF Oxu

Siyasət

  • 564

'İnsan Qardaşlığı'na uzanan yol - ŞƏRH

image

4 fevral 2026-cı ildə Əbu-Dabidə baş tutan möhtəşəm mərasim Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini simvolik bir zirvəyə ucaltdı. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif edilməsi, sadəcə bir diplomatik uğur deyil, bir millətin haqq mübarizəsinin humanitar müstəvidəki təntənəsidir.

Bu möhtəşəm mükafatın arxasında dayanan ən böyük reallıq Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ təkbaşına bərpa etməsidir. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi, əslində təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də regiona onilliklər boyu hakim kəsilmiş ədalətsizliyə və nifrət ritorikasına qarşı bir humanizm savaşı idi. Prezident İlham Əliyev hərbi əməliyyatların gedişində belə humanitar prinsipləri ön planda tutaraq, mülki əhalinin qorunması və sülhə məcburetmə strategiyasını uğurla həyata keçirdi. Vətən müharibəsinin zəfərlə başa çatması regionun gələcəyini qaranlıqdan sülhə doğru aparan yolun ilk addımı oldu. Lakin tam və qəti sülhün bərqərar olması üçün 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı həlledici nöqtəni qoydu. Cəmi 23 saat davam edən və misilsiz peşəkarlıqla icra olunan bu əməliyyat, Qarabağdakı qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyaraq, sülhün qarşısındakı sonuncu böyük maneəni aradan qaldırdı. Antiterror əməliyyatının ən mühüm humanist tərəfi ondan ibarət idi ki, mülki infrastruktura heç bir zərər yetirilmədən separatizm yuvası dağıdıldı və bu, bütün dünya hərb tarixinə ən təmiz əməliyyat kimi düşdü. Məhz bu qətiyyətli addımlarla Prezident İlham Əliyev sübut etdi ki, sülh və qardaşlıq təhdid altında olduqda, onu qorumaq üçün hərbi gücdən ədalət naminə istifadə etmək ən böyük insanlıq borcudur. "Zayed" mükafatı həm də bu iki tarixi zəfərin gətirdiyi sabitliyin beynəlxalq səviyyədə alqışlanmasıdır. Bu, güclü dövlət başçısının öz xalqının haqqını həm döyüş meydanında, həm də humanitar müstəvidə necə qoruduğunun canlı isbatıdır.

Bu gün Əbu-Dabidə təqdim edilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın kökündə Vaşinqtonda atılan o qətiyyətli imzaların ruhu dayanır. Dünya birliyi görür ki, Azərbaycan Prezidenti təkcə müharibəni udmayıb, həm də sülhü elə bir möhtəşəmliklə qazanıb ki, artıq bölgədə silahların səsi deyil, quruculuğun və insan qardaşlığının nəğmələri eşidilir. Bu mükafat, həm də Vaşinqtonda sülh sənədinə imza atan İlham Əliyevə dünyanın minnətdarlıq rəmzidir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın qlobal sülh gündəmindəki yeni statusunun möhrüdür. 44 günlük müharibədən antiterror əməliyyatına qədər keçilən yol, əslində sülhün necə çətin və şərəfli bir mübarizə olduğunu göstərdi. İndi Azərbaycan liderinin şəxsində bütün dünyaya bir mesaj verilir: Güc ədalətlə birləşdikdə, o, qardaşlığa və tərəqqiyə xidmət edir. Biz artıq yeni bir dövrün – silahların susduğu, əllərin sıxıldığı və bütün xalqların dinc yanaşı yaşadığı bir Azərbaycan erasının şahidləriyik.

Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, dövlətimiz artıq diktə olunan deyil, diktə edən və bəşəri dəyərlərə istiqamət verən bir qlobal gücdür. Ədalətin təntənəsi elə budur – haqlı olmaq, güclü olmaq və qalib gələrək bütün dünyanı sülhə dəvət etmək!

Türkanə Kərimova

YAP Babək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər