Prezident İlham Əliyevə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması tarixi hadisə idi. 4 fevral 2026-cı ildə Əbu-Dabidə Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı ideoloji və siyasi xəttin beynəlxalq humanitar müstəvidə qəbul olunduğunu nümayiş etdirən mühüm hadisə kimi dəyərləndirilə bilər. Dövlətimizin Başçısının da vurğuladığı kimi bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından bir çox ölkələr üçün nümunədir.
Prezident cənab İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı zamanı bildirdi ki, "Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq."
Mərasimdə səsləndirilən fikirlər Azərbaycanın özünü Şərqlə Qərb arasında yalnız coğrafi deyil, həm də dəyər körpüsü kimi təqdim etməsi baxımından da əhəmiyyətlidir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsi ilə Azərbaycanın rəsmi ideoloji xətti arasında qurulan paralellər ölkənin beynəlxalq imicinin yumşaq güc alətləri vasitəsilə möhkəmləndirilməsinə xidmət edir. Bu, diplomatiyanın klassik siyasi bəyanatlardan kənara çıxaraq dəyərlər üzərindən qurulmasının nümunəsidir. Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhün, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqinə mühüm töhfə verən dövlət xadimlərinə, ictimai liderlərə və təşkilatlara təqdim olunur. Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi, ilk növbədə, Azərbaycan dövlətinin multikulturalizm, dini tolerantlıq və sivilizasiyalararası dialoq sahəsində apardığı məqsədyönlü siyasətin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Həmçinin Prezident cənab İlham Əliyev insan qardaşlığının yalnız mənəvi çağırış olmadığını, eyni zamanda münaqişələrin həlli, postmünaqişə dövründə barışığın bərqərar olunması və dayanıqlı inkişaf üçün praktik mexanizm rolunu oynaya biləcəyini önə çəkdi.Tarixən müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin dinc yanaşı yaşadığı Azərbaycan bu gün də tolerantlıq modelini real dövlət siyasəti səviyyəsində qoruyub saxlayır və inkişaf etdirir. İnsan qardaşlığı, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət bu gün Azərbaycanı regionda və dünyada sabitlik və əməkdaşlıq məkanı kimi tanıdır.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı