Fevralın 9-dan 11-dək ABŞ-ın vitse-prezidenti J.D. Vance və dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Jacob Helberq Ermənistan və Azərbaycana səfər edəcəklər. Vaşinqtonun məlumatına görə, səfər Prezident Donald Trampın sülh səylərinə töhfə verəcək və Trampın Beynəlxalq Sülh və Rifah üçün Marşrutu (TRIPP) layihəsini irəli aparacaq. Bununla belə, erməni diasporu gündəmi genişləndirməyə və Qarabağda vaxtilə mövcud olmuş qondarma qurumun keçmiş liderlərinin azad edilməsində Amerikanın köməyini təmin etməyə ümid edir.
Xatırladaq ki, yanvarın sonlarında Donald Tramp Vaşinqtonun danışıqlar nəticəsində İrəvanla dinc nüvə əməkdaşlığına dair "gözəl saziş" bağlamaq niyyətində olduğunu açıqlamışdı. ABŞ prezidenti həmçinin müntəzəm olaraq Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevi barışdırmağı bacardığını deyir və onları "həqiqətən yaxşı liderlər" adlandırır. Lakin İrəvanda bəziləri, xüsusən də revanşistlər münaqişəyə son qoymaq barədə danışmaq üçün hələ tez olduğunu düşünürlər. Özlərini vətəndaş cəmiyyətinin nümayəndələri hesab edənlər ümidlidirlər ki, amerikalılar təxminən üç il əvvəl ləğv edilən qondarma “dqr” “liderləri”ni azad etməyə Bakını inandırmağa kömək edəcəklər.
Erməni Apostol Kilsəsinin (AAC) vaxtilə Qarabaşda uzantısı olmuş “yeparxiya”nın rəhbəri Vrtanes Abrahamyan vitse-prezident Vensə məktub ünvanlayaraq, onu “erməni əsirlər”in azad edilməsinə və xristian kilsələrinin və abidələrinin qorunmasına kömək etməyə çağırıb. Onun sözlərinə görə, onlar məhv olmaq təhlükəsi ilə üzləşirlər. “Hörmətlə xahiş edirəm ki, ABŞ hakimiyyətindən Azərbaycan rəhbərliyini Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər monitorinq orqanlarının həbsdə olan bütün şəxslərə dərhal və maneəsiz girişini təmin etməyə çağıraraq öz təsirlərindən istifadə etsinlər”, - deyə yepiskopun məktubunda bildirilir.
Yepiskop hesab edir ki, Vensin səfəri “əsirlər”i xilas etmək üçün müstəsna bir fürsətdir. Buna görə də, o, İrəvanda olduqları müddətdə ABŞ vitse-prezidenti və ya digər yüksək vəzifəli ABŞ nümayəndələri ilə şəxsən görüşmək istəyir. Qeyd etmək lazımdır ki, adıçəkilən yepiskop Paşinyanı katolikos II Qareginlə münaqişəsində dəstəkləyən ən yüksək kilsə iyerarxlarından biridir. Vensə oxşar məktubu Kilikiya katolikosu I Aram da yazıb. Onun mətbuat xidməti iddia edir ki, ABŞ vitse-prezidenti artıq mesajı alıb. Bu arada, Amerika Katolik insan haqları təşkilatı olan "Catholic Vote"-un nümayəndələri hazırda istintaqı davam edən Ruben Vardanyanın oğlu David Vardanyanla görüşüblər. David həmçinin Trampı atasını azad etmək üçün Bakıya təzyiq göstərməyə çağırıb.
Xatırladaq ki, Vensin Cənubi Qafqaza səfəri ərəfəsində Azərbaycan məhkəməsi separatçıların demək olar ki, hamısına hökm oxuyub. Qondarma qurumun başçısı Araik Harutyunyan, Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələrinin komandiri Levon Mnatsakanyan və onun müavini David Manukyan, özünü “parlament sədri” kimi təqdim edən David İşxanyan və keçmiş “xarici işlər naziri” David Babayan ömürlük həbs cəzasına məhkum ediliblər. Arayikdən əvvəlki separatçı “liderlər” Arkadi Qukasyan və Bako Sahakyan 20 il həbs cəzası alıblar. Amma bu, yalnız Azərbaycan qanunvericiliyinə uyğun olaraq 65 yaşdan yuxarı şəxslərə ömürlük həbs cəzası təyin etmədiyi üçün baş verib. Milyarder Ruben Vardanyanın işi ayrıca dinlənilir. Bu arada, Ermənistan hakimiyyəti separatçı liderlərin, onlarla birlikdə istintaqı aparılan və artıq hökmləri oxunmuş cinayətkarların azad edilməsi üçün heç bir danışıq aparmayıb. Əslində indiki hadisə Ermənistanın hakimiyyətini tam qane edir. Bəziləri düşünürlər ki, İrəvan və Bakı arasında Vaşinqtonda paraflanmış sülh müqaviləsinin 15-ci maddəsi tərəflərin bir-birini razılaşmadan əvvəl törədilmiş hər hansı bir şeydə ittiham etməsini açıq şəkildə qadağan edir. Amma unudurlar ki, Azərbaycan tərəfi yalnız separatçı qurumun rəhbərlərini və ən qatı cinayətlər, soyqırımları törətmiş, terrorçuluğu maliyyələşdirmiş şəxsləri məsuliyyətə cəlb edib. Əgər bu baş verməsəydi ədalət anlayışı öz gücünü itirmiş olardı. Bunun əvəzində Azərbaycan tərəfi minlərlə separatçının ərazilərimizdən çıxıb getməsinə şərait yaratdı.
Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədovun verdiyi məlumata görə, Bakı Ermənistan ictimaiyyətindən belə bir ictimai etiraz gözləyirdi. "Yüksək vəzifəli Amerika nümayəndə heyətinin Yerevana səfəri erməni diasporu arasında belə bir fəallığa səbəb olmalı idi... Lakin, bu insanların azad edilməsinə yönəlmiş hər hansı bir cəhdin nə indi, nə də yaxın gələcəkdə heç bir nəticə verməyəcəyini söyləmək olar", - deyə Məmmədov vurğulayıb.
V.VƏLİYEV