Dövlət başçısı İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Bu, Prezident İlham Əliyevin sülhə, həmrəyliyə, əməkdaşlığa və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymətdir. Cənab İlham Əliyevin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı mükafatın təqdimolunma mərasimi keçirildi. Mərasimdəki çıxışında “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir” deyən cənab İlham Əliyev qeyd etdi ki, əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir.
Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya, həmçinin mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına minnətdarlığını bildirdi. Bu sülhün təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb etdiyi vurğulandı. Azərbaycan 30 ildən artıq müddətdə müharibə şəraitində yaşayıb. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayır.
“Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub. Dövlətimizin başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Əbu-Dabidə məhz Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən verilməsi özündə mühüm məqamları ehtiva edir. Cənab İlham Əliyev çıxışında bildirdi ki, Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəlindi və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi.
Bu mərasim, eyni zamanda, Azərbaycan-BƏƏ münasibətlərinin yüksələn xətlə inkişafının təqdimatı oldu. İki dost ölkə müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qurub. Əlaqələr yeni istiqamətlər üzrə uğurla inkişaf edir. Prezident İlham Əliyevin səfəri çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması mərasimi də keçirildi. Hər bir sənəd əlaqələrin gələcək inkişafına stimuldu. Azərbaycan və BƏƏ Prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd, eyni zamanda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu imzalandı. Azərbaycan və BƏƏ Prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildirdilər. Prezidentlərin görüşü zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edildi.
Azərbaycanın təkmil inkişaf modeli, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti uğurlarının davamlılığını şərtləndirir. Bu gün dünya bir daha Azərbaycanın sülh quruculuğuna verdiyi töhfələrin şahidi olmaqla yanaşı, onları dəstəkləyir, yüksək qiymətləndirir. Sözügedən mərasimə videomüraciətlərində liderlər bu məqamı xüsusi vurğuladılar ki, dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Bu çağırış da səsləndirildi ki, Azərbaycanın sülhə sadiqliyi milyonlarla insana ümid verdi və mehriban qonşuluq əlaqələrinin, sabitliyin beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdi. Balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik.
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri