Müasir beynəlxalq münasibətlər sistemində dövlət başçılarının nüfuzu yalnız ölkədaxili siyasi güclə deyil, onların qlobal miqyasda sülhə, əməkdaşlığa və humanist dəyərlərə verdiyi töhfələrlə ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun beynəlxalq aləmdə artan siyasi çəkisinin, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və qlobal proseslərdə fəal rolunun bariz nümunəsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhün, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmət və birgəyaşayış ideyalarının təşviqinə xidmət edən ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Bu mükafata layiq görülmək, ilk növbədə, beynəlxalq ictimaiyyətin konkret liderə və onun təmsil etdiyi siyasi kursa göstərdiyi yüksək etimadın ifadəsidir. Prezident İlham Əliyevin bu mükafatla təltif olunması, Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda sülh və sabitliyə töhfə verən dövlət kimi qəbul edildiyini təsdiqləyir. Bu seçim təsadüfi deyil, uzun illər ərzində yürüdülən balanslı, praqmatik və məsuliyyətli xarici siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev mərasimdə çıxışında mükafatın adını daşıdığı, BƏƏ-nin banisi Şeyx Zayedin uzaqgörən liderlik keyfiyyətlərini yüksək qiymətləndirib: “İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir”. Prezident Əliyev həmçinin Şeyx Məhəmməd bin Zayed Al Nahyanın atasının ideyalarını davam etdirdiyini, davamlı tərəqqi və müasirləşmə strategiyalarını gerçəkləşdirdiyini qeyd edib.
Bu mükafatın verilməsi həm də Azərbaycan və Ermənistan arasında uzun müddətli gərginlikdən sonra sülh prosesinin təmsilçisi kimi qəbul edilir. Prezidentlər İlham Əliyev və Nikol Paşinyan birlikdə mükafata layiq görülərək, regional dialoqun və “qardaşlıq” ideyasının təşviqinə beynəlxalq səviyyədə dəstək bildirilib. Tədbir həm də BƏƏ-nin sülh və insan qardaşlığı sahəsindəki rolunu vurğulayıb — xüsusilə dialoq, mədəniyyətlərarası əməkdaşlıq və dünyada sabitliyi təşviq edən təşəbbüslərə dəstək mexanizmi kimi.
Prezident İlham Əliyev çıxışında sülhün yalnız siyasi razılaşmalarla deyil, mənəvi dəyərlər və humanist prinsiplər üzərində möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğuladı.
Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildəki çıxışı müasir Azərbaycan diplomatiyasının əsas xəttini — güclü dövlət, məsuliyyətli liderlik və davamlı sülh konsepsiyasını aydın şəkildə əks etdirdi. 30 illik müharibədən sonra altı aylıq sülh dövrünün artıq reallığa çevrilməsi, bu sülhün region və dünya üçün əhəmiyyətinin beynəlxalq tribunadan bəyan edilməsi, Azərbaycanın yeni geosiyasi mərhələyə inamla qədəm qoyduğunu göstərir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı