Hacıbala Qafur oğlu Ağayevə Lerikdə hamı böyük hörmət göstərir. Doğma yurduna bağlı olan bu el ağsaqqalı həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görüb, ömrünü yaxşı əməllərə tapınmaqla yaşayıb. O, bütün bunlarla bərabər, həm də YAP Lerik rayon təşkilatının ən fəal veterandır. Gənclərə düzgün yol göstərmək, onlarda torpağa, doğma yurda sevgi hissləri aşılamaq hazırda onun başlıca məqsədidir.
YAP Lerik rayon təşkilatında Hacibala Ağayevin 70 illik yubileyi münasibətilə görüş keçirildi. YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev yubilyarın həyat və fəaliyyətindən danışaraq dedi ki, Hacıbala müəllim uzun illər rayonun ictimai-siyasi həyatında fəal iştirak edib və partiyanın ən nüfuzlu üzvü sayılır . O, yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşdə olan digər çıxışçılar da Hacibala Ağayevi təbrik edərək onun partiya və rayonun ictimai həyatındakı xidmətlərinə yüksək qiymət verdilər, ona ən xoş arzularını bildirdilər.
Yubilyar Hacibala Ağayev göstərilən diqqət və qayğıya görə hamıya minnətdarlıq etdi, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında təsis edilən Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərdiyi üçün qürur duyduğunu vurğuladı.
Sonda Hacibala Ağayev rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü