PDF Oxu

Siyasət

  • 888

Ölkəmizin qlobal rolunu daha da gücləndirəcək sənəd - ŞƏRH

image

Məlum olduğu kimi, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri Azərbaycan-Amerika münasibətləri baxımından tarixi hadisədir. Cənab Vens Birləşmiş Ştatlardan ölkəmizə gəlmiş ən yüksək vəzifəli dövlət rəsmilərindəndir. Yeri gəlmişkən, fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin mətbuata verdiyi bəyanatlar Azərbaycan - ABŞ münasibətlərinin yeni, daha institusional mərhələyə keçdiyini nümayiş etdirdi. Xüsusilə Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar göstərir ki, tərəflər ikitərəfli gündəliyi yalnız siyasi dialoq çərçivəsində deyil, konkret nəticələrə hesablanmış praktiki əməkdaşlıq müstəvisində inkişaf etdirmək niyyətindədirlər.

Qeyd edək ki, iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması qısa müddətli təşəbbüs deyil, aylarla aparılan intensiv və məqsədyönlü işin məntiqi yekunu kimi qiymətləndirilə bilər. Bu sənəd Azərbaycan - ABŞ münasibətlərinin gələcək trayektoriyasını müəyyənləşdirən yol xəritəsi rolunu oynayır və tərəflərin bir-birinə olan etimadının institusional ifadəsidir. Xüsusilə yeni administrasiyanın ölkəmizə müsbət yanaşması rəsmi Bakının balanslı və praqmatik xarici siyasət kursunun düzgünlüyünü bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bəyanatında regional əməkdaşlıq və iqtisadi əlaqələrin normallaşdırılması ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin Cənubi Qafqazda konstruktiv rolunu ön plana çıxarır. Ermənistanla bağlı tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji təchizatının başlanması göstərir ki, Bakı postmünaqişə dövründə qarşıdurma deyil, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq modelini təşviq edir. Bu yanaşma regionda davamlı sülhün formalaşması üçün real zəmin yaradır və beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanır.

Onu da qeyd edək ki, imzalanmış Strateji Xartiyada təhlükəsizlik və antiterror sahəsində əməkdaşlığın xüsusi yer tutması ölkəmizin beynəlxalq təhlükəsizlik arxitekturasında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın qlobal təhlükəsizlik çağırışlarına məsuliyyətli yanaşması, enerji təhlükəsizliyi ilə yanaşı, beynəlxalq sülh və sabitliyə verdiyi töhfələrlə uzlaşır. Məlumdur ki, ABŞ-la bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi regional və qlobal miqyasda qarşılıqlı maraqlara xidmət edir. Vit­se-prezident Cey. Di. Vensin Bakıya səfəri və aparılan danışıqların məzmunu Azərbaycan - ABŞ münasibətlərində simvolik deyil, məhz tarixi xarakter daşıyır. Bu səfər tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu, siyasi dialoqun konkret sənədlər və real addımlarla möhkəmləndiyini nümayiş etdirir.

Ən əsası, dövlətimizin başçısı cənab İlham Əliyevin bəyanatı isə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir.

Arif Cəfərov,

YAP Göygöl rayon təşkilatı üzrə Zurnabad kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər