PDF Oxu

Siyasət

  • 569

Azərbaycan-ABŞ münasibətlərində yeni strateji mərhələ - ŞƏRH

image

2026-cı il 10 fevral tarixində ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü baş tutdu. Bu görüş zamanı dövlət başçıları mətbuata birgə bəyanatla çıxış edərək iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm mesajlar verdilər.

Prezident İlham Əliyev çıxışında Vitse-prezident Vensini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək, onun rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə xidmət etdiyini vurğuladı. Dövlət başçısı ABŞ-ın nümayəndə heyətinə və Tramp–Vens administrasiyasına Azərbaycana göstərilən müsbət münasibətə görə təşəkkür etdi.

Bu səfərin həm Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması, həm də regionda sülh və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı, bunun altı ay ərzində iki ölkənin mütəxəssislərinin birgə səylərinin nəticəsi olduğunu bildirdi.

Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, ABŞ-la strateji tərəfdaşlıq yalnız siyasi və diplomatik sahədə deyil, enerji, təhlükəsizlik, texnologiya və regional infrastruktur layihələri üzrə də geniş perspektivlər açır. O qeyd etdi ki, bu əməkdaşlıq Azərbaycanın qlobal tərəfdaşlığa inteqrasiyasına əlavə dəyər qatır.

Bəyanatda vurğulanan əsas məqamlardan biri də regionda davam edən sülh prosesinin dəstəklənməsidir. Prezident Əliyev ABŞ-ın vasitəçiliyi ilə ötən il imzalanmış sülh sazişinin vacibliyini qeyd etdi və artıq altı aydır ki, Azərbaycan və Ermənistan arasında sülh şəraitinin təmin edildiyini bildirdi.

Səfər çərçivəsində həmçinin Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu sənəd iki ölkə arasında müxtəlif sahələrdə — müdafiə, enerji təhlükəsizliyi, əqli mülkiyyət və süni intellekt sahələrində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir.

Prezident İlham Əliyevin bəyanatında iki ölkə arasında əməkdaşlığın “yeni dönəm”ə qədəm qoyduğu, strateji tərəfdaşlığın regionda sabitlik və rifahın təmin olunmasına yönəldiyi xüsusilə vurğulandı.

Bu səfər və dövlət başçısının verdiyi bəyanatlar Azərbaycan–ABŞ münasibətlərinin strateji əhəmiyyətinin artırması, regionda sülh, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər