PDF Oxu

Siyasət

  • 427

Azərbaycan regionda söz sahibi olan güclü dövlətdir - ŞƏRH

image

Azərbaycan Respublikasının xarici siyasət kursu milli maraqlara, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Bu siyasətin mühüm istiqamətlərindən biri də dünyanın ən qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişaf etdirilməsidir.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və bu əməkdaşlıq uzun illər ərzində qarşılıqlı etimad üzərində qurulmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, “Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq təhlükəsizlik məsələlərində səmərəli əməkdaşlıq edir.”

ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində mühüm rol oynamışdır. Xüsusilə enerji sahəsində həyata keçirilən qlobal layihələr – Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi təşəbbüslər Azərbaycan–ABŞ əməkdaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, “Enerji layihələrimiz yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji əhəmiyyət daşıyır və bu layihələr beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.”

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə də ABŞ ilə sıx əməkdaşlıq etmiş, sülhməramlı missiyalarda fəal iştirak etmişdir. Bu isə ölkəmizin qlobal təhlükəsizlik sisteminə töhfəsinin göstəricisidir. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan etibarlı tərəfdaşdır və üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirir.

Strateji tərəfdaşlıq yalnız siyasi və enerji sahələri ilə məhdudlaşmır. Təhsil, humanitar əlaqələr, demokratiya və vətəndaş cəmiyyəti sahəsində də əməkdaşlıq genişlənməkdədir. Qarşılıqlı səfərlər, dialoqlar və birgə layihələr münasibətlərin dərinləşməsinə xidmət edir.

Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, regionda söz sahibi olan güclü dövlətdir. ABŞ ilə strateji tərəfdaşlıq isə ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, iqtisadi inkişafına və təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və prinsipial tərəfdaşdır. Qarşılıqlı hörmət və milli maraqlar əsasında qurulan Azərbaycan–ABŞ münasibətləri bundan sonra da inkişaf edəcək və yeni mərhələyə qədəm qoyacaqdır.

Cahandur Məhərrəmov

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər