Prezident İlham Əliyev: “Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”
Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu gün Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən olan ABŞ münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı ABŞ-la əməkdaşlığın inkişafına hər zaman xüsusi yer verir.
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri əlaqələrin inkişafına söykənir. Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens imzalayıblar.
Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir. Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da öz əksini tapıb.
Sənədə əsasən, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.
“BİZ ÖLKƏLƏRİMİZ ARASINDA MÜNASİBƏTLƏRƏ, XÜSUSİLƏ SON ALTI AYDA BAŞ VERƏNLƏRƏ YÜKSƏK DƏYƏR VERİRİK”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə geniş tərkibdə görüşü keçirilib.
Prezident İlham Əliyev görüş zamanı bildirib ki, Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmək bizim üçün böyük şərəfdir: “Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir”.
ABŞ-ın Vitse-prezidenti sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxunub.
“AZƏRBAYCAN ÖZ TƏBİİ QAZ EHTİYATLARI İLƏ 16 ÖLKƏNİN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TÖHFƏ VERİR”
Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğulayıb.
Söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. “Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”. Bu barədə Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında bildirib. “Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə öz töhfəsini verməsi ilə də bağlıdır. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır.
“TRAMP MARŞRUTU NƏİNKİ AZƏRBAYCANIN İKİ HİSSƏSİNİ BİRLƏŞDİRƏCƏK, EYNİ ZAMANDA, ÇOX ETİBARLI, TƏHLÜKƏSİZ QAYDADA BÖYÜK DAŞIMALAR DƏHLİZİNƏ ÇEVRİLƏCƏK”
Müasir dövrdə Azərbaycan-ABŞ münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Siyasi və təhlükəsizlik, eləcə də enerji sahəsində də əməkdaşlıq sahəsində uğurlar əldə olunub. ABŞ və Azərbaycan arasında münasibətlərin pozitiv keşmişi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Ölkələr arasında münasibətlərin siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivləri var. “Tramp marşrutu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər”. Bu barədə Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında bildirib. Dövlətimizin başçısı deyib ki, bu da, ümumiyyətlə, regionda sülhü gücləndirəcək.
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Bakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzuna xüsusi diqqət çəkib. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla yanaşı, həm strateji müttəfiqi Türkiyə, həm də ABŞ-ın Yaxın Şərqdə əsas tərəfdaşlarından biri olan İsraillə səmimi və etibarlı münasibətlərə malik olan nadir dünya liderlərindəndir. Bu bəyanat Azərbaycanın xarici siyasətinin balanslı və praqmatik mahiyyətini əks etdirməklə yanaşı, ölkəmizin müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı körpü rolunu oynadığını da nümayiş etdirir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan qlobal və regional proseslərdə etibarlı tərəfdaş, dialoqa açıq və sabitləşdirici aktor kimi qəbul olunur.
Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırır, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı əməkdaşlığa malik olduğunu bir daha göstərir.
Nəzakət ƏLƏDDİNQIZI