“Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Belə ki, səfər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər, ən əsası Prezident Donald Trampın iştirakı ilə üçtərəfli Zirvə Görüşünün keçirilməsi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı. Vaşinqton Zirvə Görüşündən sonrakı dövr tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş mərhələsi kimi xarakterizə edilir. Bu gün Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a səfəri zamanı Prezidentlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin fevralın 10-da ölkəmizə səfəri zamanı isə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirildi. Sənədi Prezident İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens imzaladılar. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Donald Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi-Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığın uğurlu inkişafı üçün hər iki tərəf böyük səylər göstərir. Dövlət başçısı İlham Əliyev ötən ilin yanvarında Donald Trampa Prezident seçilməsi münasibətilə təbrik məktubunda belə bir əminliyi ifadə etmişdir ki, gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq. Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər. Yeni prezidentliyiniz dövründə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcək.Malik Həsənov vurğulayıb ki, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri iki ölkənin əməkdaşlıq gündəliyinin zənginliyini bir daha nümayiş etdirdi: “Belə ki, Prezident İlham Əliyevin Cey. Di. Vens ilə məhdud və geniş tərkibdə görüşlərində ayrı-ayrı sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan bəhs edildi və belə bir inam ifadə olundu ki, səfər bizim güclü əməkdaşlığımıza daha bir töhfə olacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir. Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı. Keçirilən görüşlərdə TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. O da qeyd edildi ki, müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açılır və bu, həmçinin perspektivlidir. Süni intellekt mərkəzlərinin yaradılması ikitərəfli gündəliyin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələr var. Dövlətimizin başçısı vurğuladı ki, Vitse-prezident Vensin səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir”.Millət vəkili bildirib ki, ABŞ-ın Vitse-prezidentinin səfəri ərəfəsində bu ölkənin müxtəlif sahələri əhatə edən aparıcı şirkətlərinin nümayəndələrinin təmsil olunduğu heyətin ölkəmizdə səfərdə olması rəsmi Vaşinqtonun Azərbaycan ilə əməkdaşlığa necə böyük önəm verdiyini bir daha təsdiqləyir: “Cənab İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Həmin görüşdə dövlətimizin başçısı bildirdi ki, hazırda ikitərəfli əlaqələrimiz çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyur, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində nümayəndə heyətinin gəlişi olduqca əhəmiyyətlidir. Çünki təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib. Bu əminlik də ifadə olundu ki, səfərin nəticəsində müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq”.Malik Həsənov qeyd edib ki, uzun illər ərzində müxtəlif mərhələlərdən keçən, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunan Azərbaycan-ABŞ münasibətləri bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməklə əlaqələrimizin gələcəyinin yol xəritəsini təqdim edir. Strateji Tərəfdaşlıq haqqında Xartiya əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafına hədəflənib.