PDF Oxu

Siyasət

  • 1 028

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: regionda yeni geosiyasi mərhələnin başlanğıcı

image

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Dövlətimizin başçısının mətbuata bəyanatında səsləndirilən fikirlər həm siyasi məzmununa, həm də uzunmüddətli perspektivlərinə görə xüsusi əhəmiyyət daşıyır.

Altı ay ərzində aparılan intensiv danışıqların nəticəsi kimi Xartiyanın imzalanması ABŞ-Azərbaycan arasında yüksək səviyyəli siyasi etimadın mövcudluğunu təsdiqləyir. Vaşinqtonda keçirilmiş görüş və işçi qrupunun yaradılması barədə sənədin imzalanması strateji gündəliyin sistemli şəkildə qurulduğunu göstərib. Artıq həmin proses konkret hüquqi çərçivəyə salınaraq münasibətlərin institusional əsasını möhkəmləndirib.
Azərbaycan Prezidentinin bəyanatında ən mühüm məqamlardan biri regionda əldə olunmuş sülh mühitinin vurğulanmasıdır. Ağ Evdə sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanmasına zəmin yaradıb. Artıq altı aydır davam edən sabitlik mərhələsi göstərir ki, diplomatik səylər konkret nəticə verib və qarşıdurma mərhələsi geridə qalır. Sülhün praktik müstəviyə keçməsi iqtisadi və nəqliyyat layihələrinin icrası ilə müşayiət olunur. Ermənistan istiqamətində tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının təchizatının başlanması regionda qarşılıqlı asılılıq modelinin formalaşdığını göstərir. Bu addımlar siyasi bəyanatların real iqtisadi əməkdaşlığa çevrildiyini sübut edir və uzunmüddətli sabitliyin iqtisadi dayaqlarını möhkəmləndirir. Dövlətimizin başçısı bəyanatında qeyd edib ki, bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir: “Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik”.
Tramp Marşrutu – TRIPP layihəsi imzalanmış Xartiyanın ən diqqətçəkən istiqamətlərindən biridir. Bu təşəbbüs yalnız iki coğrafi hissəni birləşdirən xətt deyil, həm də Asiya ilə Avropanı birləşdirəcək genişmiqyaslı, təhlükəsiz və dayanıqlı daşımalar platforması kimi nəzərdə tutulur. Layihə regionu qlobal ticarət marşrutlarının mühüm elementinə çevirəcəkdir. Trans-Xəzər Nəqliyyat Dəhlizi əsasında qurulan bu model quru, dəniz və hava nəqliyyatı infrastrukturunun paralel inkişafını, multimodal logistikanın genişləndirilməsini, gömrük və sərhəd prosedurlarının optimallaşdırılmasını nəzərdə tutur. Bununla yanaşı enerji və rəqəmsal xətlərin inteqrasiyası da planlaşdırılır. Beləliklə, TRIPP yalnız nəqliyyat deyil, həm də iqtisadi inteqrasiya layihəsi kimi çıxış edir. Bu təşəbbüsün mühüm tərəfi ondan ibarətdir ki, sülhün iqtisadi təminat mexanizmi formalaşdırılır. Nəqliyyat və tranzit imkanlarının genişlənməsi region dövlətləri arasında qarşılıqlı marağı artıraraq sabitliyi möhkəmləndirir və yeni əməkdaşlıq platformaları yaradır.
Xartiyada enerji əməkdaşlığı xüsusi yer tutur və bu istiqamət münasibətlərin əsas dayaqlarından biri kimi təqdim edilir. Bu gün Azərbaycan 16 dövlətin enerji təhlükəsizliyinə töhfə verir və onların əksəriyyəti NATO üzvüdür. Bu fakt ölkənin qlobal enerji arxitekturasında etibarlı tərəfdaş statusunu möhkəmləndirir və strateji əhəmiyyətini artırır. Neft, qaz və elektrik enerjisi sektorlarında əməkdaşlığın genişləndirilməsi, interkonnektor layihələrinin həyata keçirilməsi və marşrutların şaxələndirilməsi enerji bazarlarında dayanıqlığı gücləndirəcək. Eyni zamanda mülki nüvə əməkdaşlığı və kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara çıxarılması gələcək enerji və sənaye təhlükəsizliyi baxımından yeni imkanlar yaradır. “Əsrin müqaviləsi” və Cənub Qaz Dəhlizi kimi layihələrin yaratdığı uğurlu təcrübə göstərir ki, enerji sahəsində formalaşmış əməkdaşlıq modeli artıq sınaqdan çıxmış mexanizmə malikdir və yeni mərhələdə daha geniş miqyas ala bilər.
Strateji tərəfdaşlıq çərçivəsində texnoloji əməkdaşlıq xüsusi önəm daşıyır. Süni intellekt mərkəzlərinin yaradılması, data mərkəzlərinə sərmayələrin qoyulması və rəqəmsal infrastrukturun gücləndirilməsi ikitərəfli gündəliyin yeni istiqamətini təşkil edir. Bu faktorlar münasibətlərin klassik enerji modelindən yüksək texnologiyalar modelinə doğru genişləndiyini göstərir. Amerikanın aparıcı şirkətləri ilə əməkdaşlıq, birgə Tədqiqat və İnkişaf mexanizmlərinin formalaşdırılması, innovasiya platformalarının təşkili və kibertəhlükəsizlik sahəsində potensialın artırılması regionda texnoloji ekosistemin inkişafına təkan verə bilər. Trans-Xəzər rəqəmsal xətləri isə məlumat ötürülməsi və data təhlükəsizliyi sahəsində yeni mərhələ yaradacaqdır. Bu istiqamət iqtisadiyyatın şaxələndirilməsi və bilik əsaslı modelə keçid baxımından strateji əhəmiyyət daşıyır.
Xartiyanın təhlükəsizlik bölməsi müdafiə və antiterror sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Müdafiə sənayesi məhsullarının satışı, birgə təlimlər və texniki əməkdaşlıq sahəsində perspektivlərin açılması münasibətlərin hərbi-texniki müstəvidə də yeni mərhələyə keçdiyini göstərir. Kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması müasir təhlükəsizlik arxitekturasının əsas elementlərindəndir. Humanitar minatəmizləmə sahəsində texnologiya ötürülməsi və maliyyə dəstəyi isə post-münaqişə mərhələsində ərazilərin təhlükəsizliyinin bərpası baxımından mühüm əhəmiyyət daşıyır və humanitar gündəliyin önəmli hissəsini təşkil edir.
Xartiya çərçivəsində iqtisadiyyat, enerji, rəqəmsal inkişaf və təhlükəsizlik üzrə İşçi Qruplarının yaradılması münasibətlərin davamlı və sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edəcək. Üç ay ərzində layihələrin siyahısının və yol xəritələrinin hazırlanması konkret icra mexanizminin formalaşdırılacağını göstərir.
İldə ən azı bir dəfə keçiriləcək yüksək səviyyəli görüşlər və əlavə dialoq platformaları strateji tərəfdaşlığın yalnız siyasi bəyanat kimi qalmamasını, real nəticələrə çevrilməsini təmin edəcək. İmzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya münasibətlərin formal səviyyədən çıxaraq struktur və institusional xarakter aldığını göstərir. Bu sənəd regionda sülhün möhkəmlənməsi, enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat və rəqəmsal infrastrukturun inkişafı baxımından geniş perspektivlər yaradır. ABŞ-ın Vitse-prezidentinin səfəri və imzalanmış Xartiya sübut edir ki, münasibətlər artıq taktiki deyil, uzunmüddətli strateji əsaslara söykənir. Bu isə regionun sabitlik, iqtisadi dinamika və texnoloji transformasiya mərkəzinə çevrilməsi istiqamətində mühüm mərhələ kimi dəyərləndirilir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Digər xəbərlər